Şahin Diniyev 6 futbolçu ilə vidalaşdı
01.12.2009 - 10:25
Şahin Diniyev 6 futbolçu ilə vidalaşdı
Şahin Diniyevin baş məşqçisi olduğu Qroznı “Terek”i mövsüm bitən kimi islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasında mövsümü 12-ci yerdə bitən komanda 6 futbolçu ilə yollarını ayırıb. Özü də bunların hamısı legionerlərdir.

“Terek” 29 yaşlı alban qapıçı İlion Lika, onun həmyaşıdı, milli komandanın da üzvü olan slovakiyalı müdafiəçi Radoslav Zabavnik, 35 yaşlı braziliyalı müdafiəçi Kleber, rumınlar - 29 yaşlı yarımmüdafiəçi Andrey Marqaritesku, 33 yaşlı yarımmüdafiəçi Florentin Petre və 32 yaşlı hücumçu Daniel Panku ilə vidalaşmağa qərar verib. Sözsüz ki, qroznılıların islahatlarının qurbanı olan futbolçular arasında ən tanınmışı Pankudur. Türkiyə Superliqasında “Beşiktaş” klubunda çıxışı ilə tanınan Daniel “Fənərbaxça” ilə derbi oyunda qapıçı bacarığını da göstərib.

“Terek”in vitse-prezidenti Haydar Alxanov apardıqları islahatlara belə izah verib: “Müqavilələri bitən Lika və Zabavniklə anlaşmanın müddətini artırmamağı qərara aldıq. Kleberi zədələr bezdirib. Braziliyalı özü də getməsinin daha yaxşı olduğunu etiraf etdi. Onunla müqavilə qarşılıqlı razılıqla pozuldu. Elə rumınlarla da vaxtından əvvəl yollarımızı ayırdıq. Onların hamısı öz işlərini vicdanla görürdülər. Ancaq başqalarına yol verməyin vaxtı gəlib. Yeni mövsümdə heyətimizi bir az gəncləşdirməyi planlaşdırırıq. Oyunlara daha çox öz yetirmələrimizi cəlb edəcəyik. Yeni futbolçu isə 2-3 nəfərdən çox götürməyəcəyik”.

Rəhbərliyin Vyaçeslav Qroznının istefa verməsindən sonra mövsümün sonuna qədər baş məşqçi postunu tapşırdığı Diniyev klub yetirmələrini üzə çıxarmaq işini uğurla yerinə yetirib. “Terek”ın əsas komandasına cəlb edilən gənc futbolçular məhz onun rəhbərliyi altında əvəzedici komandada oynayıb. Ancaq rəhbərliyin yeni mövsümdə də Diniyevə güvənəcəyi, yoxsa yeni baş məşqçi ilə çalışacağı ilə bağlı məsələ hələ ki açıq qalır.

Qeyd edək ki, istirahətə buraxılan “Terek” gələn ilin yanvarın 4-də Kislovodskda yığışacaq. Ertəsi gün komanda üç həftəlik təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanacaq. İlk toplanış yanvarın 23-ə kimi, ikincisi isə yanvarın 29-dan fevralın 12-ə kimi nəzərdə tutulub. Qroznı klubu bütün hazırlıq prosesi ərzində 13-14 yoxlama oyunu keçirməyi planlaşdırır.
0