UEFA yığmamızın oyununu idarə etməli olan hakimi cəzalandırdı
01.12.2009 - 11:09
UEFA yığmamızın oyununu idarə etməli olan hakimi cəzalandırdı
UEFA ukraynalı beynəlxalq dərəcəli hakim Oleq Orexovu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bu ilin iyununda Azərbaycan və İspaniya yığmalarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən yoldaşlıq görüşünü (0:6) idarə etməyə namizəd olan 42 yaşlı FİFA referisinin lisenziyası qeyri-müəyyən müddətə əlindən alınıb.

Orexov totalizator - rüşvətxorluqla bağlı qalmaqalın qurbanı olub. Belə ki, o, ötən cümə axşamı həbs olunan futbol mafiyasının üzvləri ilə əlaqədə şübhəli bilinir. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahına çağırılan Orexovla qitə futbol qurumunun Antikorrupsiya şöbəsində söhbət aparılıb. Bundan sonra ukraynalı beynəlxalq oyunlarda hakimlikdən kənarlaşdırılıb. Əslən Kiyev şəhərindən olan Oleq sonuncu dəfə qitə miqyasında ötən ay Avroliqanın E qrupunda “Bazel” (İsveçrə) - MOİK (Bolqarıstan) görüşünü (3:1) idarə edib.

Qeyd edək ki, cari mövsümdə 6 beynəlxalq, o cümlədən, 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarına təyinat alan Orexov milli komandamızın son Avropa çempionu ilə Bakıdakı yoldaşlıq görüşünü idarə etməli idi. Ancaq Oleqin zədəsi olduğu üçün təyinat həmkarı İqor İşenkoya verildi.
0