Əlvida, İrlandiya!
02.12.2009 - 09:44
Əlvida, İrlandiya!
İrlandiya milli komandasının 2010-cu il dünya çempionatının final mərhələsində iştirak etmək arzusunun üstündən birdəfəlik xətt çəkilib. Apasport.az saytının məlumatına görə, bununla bağlı yekun qərarını açıqlayan FİFA irlandların gələn yay Cənubi Afrika Respublikasında təşkil olunacaq yarışa 33-cü komanda qismində buraxılması ilə bağlı xahişi rədd edib. FİFA-nın İcraiyyə Komitəsinin bugünkü iclası ərəfəsində açıqlama verən qurumun baş direktoru Cerom Valke mövqelərinin qəti və dəyişilməz olduğunu bəyan edib: “İrlandiyanın dünya çempionatına əlavə vəsiqə alması qeyri-mümkündür. Cənubi Afrika Respublikasında 32-dən çox komanda ola bilməz!”.

Qeyd edək ki, İrlandiya yığması 2010-cu il dünya çempionatının pley-off mərhələsində Fransa ilə səfərdə keçirilən cavab görüşündə kobud hakim səhvinin qurbanı olub. Oyunun əlavə vaxtında fransız hücumçu Tyerri Anrinin açıq-aşkar əllə oynayaraq, komanda yoldaşı Vilyam Qallasa məhsuldar ötürmə verməsindən sonra hesab bərabərləşib - 1:1. Bunun sayəsində fransızlar dünya çempionatına vəsiqə qazanıblar.