Dünya çempionatının püşkatmasında cazibədar xanım
02.12.2009 - 10:02
Dünya çempionatının püşkatmasında cazibədar xanım
2010-cu ildə Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək dünya çempionatının püşkatma mərasiminin aparıcısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dekabrın 4-də baş tutacaq tədbirdə cənubi afrikalı aktrisa Şarliz Teron aparıcılıq edəcək. “Oskar” mükafatçısı olan 34 yaşlı gözəlçə saat yarımlıq mərasim zamanı 200-dək ölkədə canlı yayımlanacaq püşkatmanı milyonlar izləyəcək.

Şarliz FİFA-nın baş direktoru Cerom Valke ilə birlikdə final mərhələsində iştirak edəcək 32 komandanı 8 qrupa böləcək. Yerli musiqiçilərin də qatılacağı püşkatmada həbəşistanlı atlet Heyle Qebreselassie, futbolçular Devid Bekhem və Metyu But, kriketçi Mahayya Ntini, CAR-ın reqbi yığmasının kapitanı Can Smit də iştirak edəcək. Təşkilatçı ölkənin prezidenti Cekob Zuma, Nobel mükafatçıları Ferederik de Klerk və arxiyepiskop Desmond Tutu da qonaqlar sırasında olacaq.

Dünya çempionatının iştirakçılarının səbətlərə necə bölünməsi bu gün keçiriləcək mətbuat konfransında açıqlanacaq.