“Dənizlispor” Azərbaycanda işləyən baş məşqçiyə təklif göndərib
02.12.2009 - 10:31
“Dənizlispor” Azərbaycanda işləyən baş məşqçiyə təklif göndərib
Türkiyənin “Dənizlispor” klubu Kemal Alispahiçə təklif göndərib. Bu haqda apasport.az saytına bosniyalı çalışdırıcının özü məlumat verib. Onun sözlərinə görə, Superliqa təmsilçisindən dəvət aldığı zaman artıq ölkəmizdə çalışırmış.

Bu yay Salyanın “Muğan” komandasının baş məşqçisi təyin edilən Alispahiç dünən axşam saatlarında istefaya göndərildi. Vaxtilə Türkiyədə oynayan və çalışan 44 yaşlı mütəxəssis qardaş ölkəni də özü üçün doğma məkan sayır: “Həqiqətən də “Dənizlispor”da çalışmaq variantım var idi. Bu komandadan təklif almışdım. Həmin vaxt artıq Azərbaycanda idim, mövsüm də başlamışdı. Ancaq mən “Muğan”da işimi yarımçıq qoymaq istəmədim. Artıq bu komandanın baş məşqçisi olmasam da, etdiyim hərəkətə görə peşman deyiləm”.

Azərbaycan milli komandasını çalışdırmaq arzusunu da gizlətməyən Alispahiç gələcəkdə Türkiyədə işləmək variantının real olduğunu düşünür: “Mənim orada yaxşı əlaqələrim var. Ola bilsin ki, nə vaxtsa yenidən orada çalışdım. Ancaq hələlik istirahət etməyi düşünürəm. Azərbaycanda yarım il gərgin işlədim. “Muğan”la yollarımı ayırsam da, hələ bir müddət burada olacağam. Bəzi məsələləri yoluna qoyduqdan sonra vətənimə dönəcəyəm”.

Qeyd edək ki, “Dənizlispor” mövsümlərarası fasilədə baş məşqçi postuna azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan Erhan Altını gətirdi. O, ötən mövsümün II dövrəsində “Kocaelispor”da Rəşad Sadıqovla Ramal Hüseynovun baş məşqçisi olub. Ancaq Dənizli təmsilçisi də bu mütəxəssislə tezliklə yollarını ayırdı.