Georgi Nikolov: “Amkar” Mahir Şükürovla maraqlanır, amma... - MÜSAHİBƏ
02.12.2009 - 12:45
Georgi Nikolov: “Amkar” Mahir Şükürovla maraqlanır, amma... - MÜSAHİBƏ
Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

- Komandanızın futbolçusu Mahir Şükürovun xaricə transfer məsələsi gündəmi zəbt edib. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, Mahirlə xaricdən maraqlanan var. Danışıqlar gedir. Ancaq hələ konkret nəticə yoxdur.

- Şükürovla bağlı rəsmi təklif almısınızmı?
- Məsələ rəsmi səviyyəyə çatmayıb. Mənim üçün əsas rəsmi təklifdir. Yəni, futbolçuya ciddi maraq varsa, bununla bağlı kluba yazılı şəkildə müraciət olunmalıdır. Belə şey yoxdursa, bunu ciddi qəbul etmirəm.

- Futbolçunuzun adı əsasən Rusiya təmsilçiləri arasında hallanır. Əvvəllər Moskva “Dinamo”su, indi isə Permin “Amkar” klubu...
- “Amkar”dan maraq olduğunu bilirəm. Bu hələ yeganə variantdır və başqa komandanın adını çəkə bilmərəm.

- Mətbuatda “Amkar”ın Mahirin transferi üçün 300 min dollar təklif edildiyi yazılıb...
- Konkret hansısa məbləğdən danışmaq düzgün olmazdı. Çünki həmin klub ilk öncə Mahirin transferinə tam razılığını verməlidir. Yalnız bundan sonra tərəflər arasında keçidlə bağlı konkret danışıqlar aparılmalıdır və biz də futbolçumuza görə müəyyən məbləğdə kompensasiya istəyərik. Əgər rəsmi təklif yoxdursa, hansı məbləğdən söhbət gedə bilər?

- Bəs Şükürovun başqa komandaya keçidinə nə vaxt tam aydınlıq gələ bilər?
- Fikrimcə, yaxın günlərdə ola bilməz. Çünki Mahirlə maraqlanan komanda ona baxmaq istəyəcək. Özü də disk, yaxud başqa vasitə ilə yox, canlı oyununu görmək istəyəcək. Rusiyada isə mövsüm yeni bitib və komandalar istirahətə yollanıb.

- Əgər Mahiri “Amkar”, yaxud hansısa başqa xarici klub transfer etmək istəsə, ona güzəşt edəcəksinizmi?
- Mahir ölkə xaricində oynamaq istəyir. O, Azərbaycandan kənarda daha səviyyəli çempionatda, komandada, daha yaxşı şəraitdə çıxış etmək arzusundadır. Biz buna yaxşı baxırıq. Fikrimcə, Mahirin xaricdə oynamasının vaxtı çatıb. Əgər rəsmi təklif olarsa, danışıqlar nəticəsində müsbət cavab verməyimiz mümkündür. Mahirin xaricdə oynaması naminə güzəştə gedə bilərik. Əgər futbolçumuzun buna istəyi varsa, ciddi maraq, rəsmi dəvət olarsa, onu saxlamarıq.

- Şükürovun Rusiyada oynamaq perspektivinə necə baxırsınız?
- İndi Rusiya Premyer Liqasında oynayan kluba keçmək çətin işdir. Çünki orada legionerlərə limit tətbiq olunur. Bu səbəbdən Premyer Liqa təmsilçiləri yerli futbolçular, Rusiya pasportu olan oyunçuları transfer etməkdə daha çox maraqlıdır. Fikrimcə, Mahirə Türkiyədə oynamaq daha münasib olardı.

- Türkiyədən təklif almısınız?
- Əfsuslar olsun ki, yox.
0