Nadir Qasımov “Simurq” prezidentinin sözlərini ciddi saymır
02.12.2009 - 13:29
Nadir Qasımov “Simurq” prezidentinin sözlərini ciddi saymır
“Zaqatala təmsilçisinə çempionatdan çıxmağa icazə verməzlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun Premyer Liqanı tərk etmək iddiasına düşməsinə münasibət bildirərkən futbol mütəxəssisi Nadir Qasımov deyib.

Vaxtilə Azərbaycanın bir sıra komandalarında, həmçinin yığmalarında çalışmış Qasımov Zaqatalanın “Simurq” klubunun Unibank Premyer Liqasından çıxmaq haqda iddialarının boş söz-söhbət olduğunu düşünür: “Ölkə futboluna, çempionata o qədər vəsait xərclənir. İndi durub bir komanda necə yarışdan çıxa bilər? Onların deməsi ilə deyil ki. Belə şey olar? Çempionatdan imtina etmək məsuliyyətsizlikdir. Axı sivil ölkələrdə belə hala rast gəlinmir. Düzdür, anlaşılmazlıq ola bilər. Hər dəfə bir komanda çıxsa, onda nə olar? Düşünürəm ki, “Simurq” rəhbərliyi bunu hirsli başla deyib. Oturub söhbət edib kompromis taparlar”.

Xatırladaq ki, AFFA-nın İntizam Komitəsinin çempionatın XII turu ilə bağlı iclasında meydana atılan kənar əşyalar üçün cəzalanan “Simurq” rəhbərliyi bu qərarı haqsız sayır. Klub prezidenti Zaur Məmmədov belə haqsızlıq üzündən hətta yarışdan imtina etmək haqda düşündüklərini də bildirib.
0