“Muğan”ın yeni baş məşqçisi: Bu, məni çox sevindirir
03.12.2009 - 15:09
“Muğan”ın yeni baş məşqçisi: Bu, məni çox sevindirir
“Futbolçuların bugünkü hazırlıq səviyyəsi mənə müsbət təsir bağışladı. Hər şey öz qaydasındadır. Komanda məşqə tam heyətlə qatıldı. Bizi bu həftə çox önəmli bir matç gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Muğan”ın yeni baş məşqçisi Almir Hurtiç klubun rəsmi saytına açıqlamasında deyib.

38 yaşlı bosniyalı mütəxəssis həmyerlisi Kemal Alispahiçin istefaya göndərilməsindən sonra Salyan təmsilçisinin sükanı arxasına gətirildi. Hurtiçin qarşısında komandanın son vaxtlar düşdüyü uğursuzluq zolağından çıxartmaq qoyulub ki, o, buna nail ola biləcəyinə inanır: “Mən və futbolçular bu məsuliyyəti yetərincə anlayırıq. Məşqlərimizi mütəmadi olaraq davam etdirəcəyik. Matç gününə qədər lazımınca hazırlaşmalıyıq. Mənə elə gəlir ki, lazımı səviyyədə çalışsaq, hədəfə çata bilərik. İndi komanda üçün xal qazanmaq böyük önəm daşıyır. Komandada zədəlilərin olmamağı məni çox sevindirir”.

Hurtiçin yeni vəzifədə debütü Unibank Premyer Liqasının növbəti turu çərçivəsində bazar günü Salyanda Zaqatalanın “Simurq” klubu ilə görüşdə baş tutacaq.