Petr Çex: Azərbaycan yığmasına məğlubiyyəti qəbul edə bilmirəm
03.12.2009 - 16:37
Petr Çex: Azərbaycan yığmasına məğlubiyyəti qəbul edə bilmirəm
“Bilirəm ki, Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan beynəlxalq turnirdə mənim yığmada olmağım milli komandamızın xeyrinə olardı. Amma düşünürdüm ki, ora yollananlar özlərini göstərmək üçün şans qazanıblar və bundan yararlanacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya yığmasının qapıçısı Petr Çex deyib.

Xeyli vaxtdır karyerasını İngiltərənin “Çelsi” klubunda davam etdirən 27 yaşlı futbolçu çexiyalı jurnalistlərə verdiyi müsahibədə təxminən 2 həftə əvvəl Əl-Ayn şəhərində təşkil olunmuş turnirdə sonuncu yeri tutan milli komandasının uğursuzluğundan danışıb. Meydan sahiblərinə penalti seriyasında, Azərbaycan yığmasına isə 0:2 hesabı ilə uduzan həmyerlilərindən narazı qalan Çex gec də olsa, düşüncələrini açıqlayıb: “Lakin mən yanılıram. Meydan sahibləri və Azərbaycanla oyunlar göstərdi ki, onlar çox səhvlər edirlər. Məni ən çox təəccübləndirən və təəssüfləndirən o idi ki, bəzən sakit, gərginliksiz oynamaq tərzini də itirirdilər. Bu onlar üçün bir rüsvayçılıq idi. Azərbaycan yığmasına uduzmağımızı heç cür qəbul edə bilmirəm. Nə etmək olar? Arabir futbolda belə şeylər olur”.