Denis Kalinkov: Biz bu vəziyyəti düzəltməliyik
03.12.2009 - 18:10
Denis Kalinkov: Biz bu vəziyyəti düzəltməliyik
“İnter”in də cari mövsümdə bizim kimi yalnız 2 oyunda uduzması, gücündən və iddiasından xəbər verir. Əlbəttə, şəxsi qarşılaşma ərəfəsində bütün statistik göstəricilər ikinci plana keçir. Axı indi əzmkarlıq, digər atmosfer olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun hücumçusu Denis Kalinkov deyib.

Cənub təmsilçisinin bu yay transfer etdiyi 23 yaşlı moldovalı legioner debütdə məhz “İnter”lə ev oyununun sonlarında vurduğu qolla, yeni komandasına startda qələbə (1:0) qazandırdı: “İnter” özünün liderləri, müsbət cəhətləri ilə çox güclü komandadır. Heyətin uyğunlaşması, futbolçuların meydanda bir-biri ilə yaxşı anlaşması onları ilk pillədə saxlayır. Rəqibin bizdən xalı çox olduğu üçün bu vəziyyəti düzəltməliyik. Oyuna qələbə əzmi ilə çıxacağıq. Hər şey adi şəkildə olacaq. Bizə həyəcanlanmaq lazım deyil. Bu, adi oyundur, Premyer Liqada bütün rəqiblər eynidir. Mövsümdə belə görüşlər hələ çox olacaq. Məşqlərimiz adi qaydada gedir. “İnter”lə oyun öncəsi xüsusi köklənmə, yaxud ajiotaj yoxdur”.

Son turda “Bakı” ilə görüşdə yorulduqlarını etiraf edən Kalinkovun sözlərinə görə, liderlə səfər oyununa gücləri qalıb: “Yorğunluq müvəqqəti şeydir. Oyundan sonra bir az istirahət etdik, bərpa prosesi keçdik, yüngül məşğələlərdən sonra ağır yükləmələrə başladıq. Digər tərəfdən, peşəkar futbolçu mövsümün gedişində ağır yükləmələrə öyrəşir, sıx qrafiki yüngül keçirir. Ona görə də bu planda, bir həftədə səfərdə ardıcıl iki oyun keçirmək baxımdan problem olmamalıdır. Düzdür, qarşıda daha ağır təqvimimiz var. Bir həftə ərzində üç oyun keçirməli olacağıq. Onda daha çətin olacaq. Bax, onda görək, komandamız belə yükləmənin öhdəsindən necə gələcək”.

“İnter”lə oyuna döyüşkən əhval-ruhiyyədə hazırlaşdıqlarını deyən Denis kollektivə baxanda ürəyi açılır: “Necə tez bərpa olunmağımız məni sevindirir. Komandada heç kim yorğunluğa, zədəyə görə gileylənmir. Bütün uşaqlar oyuna rahat yanaşır, peşəkarlar kimi hərəkət edirlər. Bilirsiniz, qol vurmaq şansı həmişə yüksəkdir. Mən hər oyunda, yəni təkcə “İnter”ə yox, digər rəqiblərə də qol vurmağa çalışıram. Ola bilsin ki, qol epizodlarını hər dəfə reallaşdıra bilmirəm. Hərçənd ümid edirəm ki, bu dəfə hər şey uğurla olacaq. Özü də mənim üçün vacib qolu kimin vurması əsas deyil. Əsas odur ki, bunu biz vuraq. Üstəlik, “İnter”lə oyunda xallar gələcək üçün əhəmiyyətlidir. Onlar bizə “altılıq”da lazım olacaq və “qızıl xallar” ola bilər”.

Qeyd edək ki, Kalinkov cari mövsümdə ümumilikdə 5 qol vurub.

Mənbə: extratime.az