“İnsan və qanun”, yaxud sərxoş Rusiya yığması
04.12.2009 - 15:10
“İnsan və qanun”, yaxud sərxoş Rusiya yığması
Rusiyanın birinci kanalı “ORT”də efirə gedən “İnsan və qanun” verilişində milli komanda üzvlərinin əyyaşlıq etməsi, spirtli içki içməsi, qəlyan çəkməsi göstərilib. Apasport.az saytının xəbərinə görə, buna Moskvada adı açıqlanmayan restoranlardan birinin işçiləri şahid olublar. Onlar bildirib ki, rus futbolçular Sloveniya yığması ilə pley-off oyunları öncəsi öz keflərindən qalmayıblar.

Amma idman rejimini pozan futbolçuların adları açıqlanmır. Bundan əlavə, Sloveniya ilə görüş öncəsi restorana neçə futbolçunun baş çəkməsi də bildirilmir. Teleproqramın jurnalistləri Rusiya yığmasının pley-off oyunları vaxtı qaldığı “Mariott” otelinin işçiləri ilə söhbətləşib. Onların sözlərinə görə, futbolçular mütəmadi idman rejimini pozurlarmış.

Otelin işçisi hətta bildirib ki, Rusiya yığmasının hücumçusu Pavel Poqrebnyak Bakıya gələnədək, yəni Almaniya yığması ilə Moskvada oyuna (0:1) qədər üç gün ad gününü qeyd edib. Həmin görüş oktyabrın 10-da, Poqrebnyakın doğum günü isə 8-də olub. “Mariott”un əməkdaşının sözlərinə görə, futbolçuların çoxu vaxtaşırı, oyuna bir gün qaldığı oteldə içki sifariş ediblər. O, sərxoşluq etməyən futbolçular arasında qapıçı İqor Akinfeyevlə yarımmüdafiəçi Diniyar Bilyaletdinovun adını çəkib.

Otel əməkdaşı daha bir maralı məqamdan da danışıb. Sən demə, futbolçular bir dəfə oyuna komanda yoldaşlarından birini oteldə unudub gediblər. Yəni, yaddan çıxan həmin futbolçu gecə “litrbol oynayıb”, yəni dəmlənibmiş.

Qeyd edək ki, Sloveniya ilə oyundan sonra Rusiya KİV-ində bir sıra futbolçuların idman rejimini pozması haqda məlumatlar yer almışdı. Ancaq bütün bunları təkzib edən Rusiya yığmasının kapitanı Andrey Arşavin həmin şübhələri sovet mentalitetinin qalıqları adlandırıb.