“Azərbaycan milli komandasında yaxşı braziliyalıların olduğunu bilirik” - MÜSAHİBƏ
04.12.2009 - 16:28
“Azərbaycan milli komandasında yaxşı braziliyalıların olduğunu bilirik” - MÜSAHİBƏ
Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Macarıstan yığmasının baş məşqçisi Mihal Kozma UEFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, Kozma Çexiya və millimizlə oyunlar, eləcə də turnirə hazırlıq haqda danışıb.

- Çexiya və Azərbaycanın da yer aldığı qrupunuz haqqında nə düşünürsünüz?
- Gəlin unutmayaq ki, həlledici mərhələyə seçmə oyunları uğurla başa vuran komandalar qatılır. Yəni, rəqiblərimizin səviyyəsinə şübhə etmək mənasızdır.

- Konkret rəqibləriniz haqda nə bilirsiniz?
- Çexləri yaxşı tanıyıram. Onlar təxminən 10 ildir elə bu səviyyədədirlər. Yaxşı oyunçuları, üstəlik böyük təcrübəsi var. Azərbaycana gəlincə, heyətində yaxşı braziliyalı futbolçular yer alıb. Həmin legionerlər elə bu ölkənin klubunda oynamaqla bir-biri ilə çox yaxşı anlaşırlar. Bütün bunlara baxmayaraq, biz də qrupdan çıxmaq istəyirik.

- Avropa çempionatında əsas məqsədiniz nədir?
- Bizim üçün ən önəmlisi mini-futbolun Macarıstanda populyarlığına nail olmaqdır. Meydandakı nəticə baxımından isə 1/4 finala çıxmaq istəyirik. Çünki bu macar gənclərinin futzala marağını da artırar.

- Yarışda meydan sahibi olmaq sizə necə təsir edir?
- Çxlu oyunçularımız var. Axtarışları hələ də davam etdiririk. Onları daim nəzarətdə saxlayıb final mərhələsinə ən yaxşı formada olanları aparmaq niyyətindəyik. Təşkilatçılığa gəlincə, biz Avropaya necə turnir keçirə bildiyimizi göstərməliyik. Macarıstan daha böyük turnirləri də qəbul edə bilər.