“Bu, bizim üçün xoş sürpriz oldu”
04.12.2009 - 17:25
“Bu, bizim üçün xoş sürpriz oldu”
“Baş məşqçisi olduğum Azərbaycan milli komandasında əslən braziliyalı futzalçılarla yanaşı, səviyyəli yerli oyunçular da var. Məhz bu səbəbdən yığmamız belə güclüdür”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alessio da Silva deyib.

UEFA-nın rəsmi internet saytına müsahibə verən braziliyalı çalışdırıcı yığmamızın gücü və 2010-cu ilin yanvarında Macarıstanda keçiriləcək Avropa çempionatı haqda fikirlərini açıqlayıb: “Bizim yığmadan kənarda qalan yaxşı futzalçılarımız da var. Onlar braziliyalılar kimi, güclü olduğundan heyəti gücləndirmək iqtidarındadırlar. Final mərhələsinə çıxmaq bizim özümüz üçün də xoş sürpriz oldu. İndi biz çalışmalıyıq ki, sonadək yaxşı çıxış edək”.

41 yaşlı mütəxəssis final mərhələsindəki rəqiblərdən də danışıb: “Mən həqiqətən Macarıstan yığmasının necə futzal oynadığından xəbərsizəm. Amma onların oyunlarını izləyib, öyrənməyə çalışacağam. Çexiya haqda isə xeyli məlumatım var. Yaxşı komandaya malikdirlər. Hər mövqedə yaxşı futzalçıları da var. Bu, bizim üçün növbəti mərhələyə çıxmaq üçün bir şansdır. Bu sözlər Çexiya və Macarıstana da aiddir”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi gələn il 19-30 yanvar aralığında Budapeşt və Debretsen şəhərlərində keçiriləcək.