Jurnalist “telefon terrorçusu” çıxdı
04.12.2009 - 17:47
Jurnalist “telefon terrorçusu” çıxdı
Gələn ilin yayında CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin bu gün baş tutacaq püşkatmasında baş verə biləcək partlayışın qarşısı alınıb. Apasport.az saytının məlumatına görə, naməlum bir jurnalist zəng vuraraq, Keyptaundakı tədbirdə partlayış törədəcəyini bildirib. O, partlayıcı qurğunun çantasında olduğunu söyləyib.

Dərhal dəstəyi asan jurnalisti yaxalamaq polis üçün bir o qədər də çətin olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu şəxsi tezliklə yaxalayıblar. Həmin jurnalistin şəxsiyyəti açıqlanmasa da, yerli vətəndaş olduğu bildirilir. Hətta püşkatmanın keçiriləcəyi bina bir müddət mətbuat nümayəndələri üçün bağlanıb. Bomba axtarışları nəticəsiz qaldıqdan sonra isə qapılar yenidən qonaqların üzünə açılıb.

Polis əməkdaşlarından birinin verdiyi məlumata görə, Keyptaun hava limanının partladılacağı haqda da zənglər olub. Bu gün səhər edilən zənglərin müəllifi də artıq yaxalanıb. “Telefon terrorçuları”na hansı cəzanın veriləcəyi hələ dəqiqləşməyib.