“Böyükağa Hacıyevlə aramızdakı buzlar əridi”
04.12.2009 - 17:53
“Böyükağa Hacıyevlə aramızdakı buzlar əridi”
“Böyükağa Hacıyevlə aramızdakı buzlar əridi. Belə demək olar ki, baş məşqçimiz məni bağışlayaraq, şans verdi. Artıq komandamın hazırlıq prosesində iştirak edirəm. Xeyli müddətdən sonra yaşıl meydana qayıdışım “Bakı” ilə sabahkı oyunda olmalıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubunun futbolçusu Ramal Hüseynov deyib.

Yeni baş məşqçi Böyükağa Hacıyevin debüt oyununda, “Olimpik-Şüvəlan”la Sumqayıtdakı görüşdə (0:1) qırmızı vərəqə alan 25 yaşlı yarımmüdafiəçi komandadan da kənarlaşdırılmışdı. Cəzası bitsə də, ölkə kubokunu da nəzərə alsaq, son 6 görüşdə iştirak etməyən Hüseynov nəhayət, baş məşqçi tərəfindən əfv olunub: “Böyükağa müəllimlə söhbətləşdik, bir-birimizi başa düşdük. “Bakı” ilə görüşə hazırlaşıram. İnanıram ki, baş məşqçimiz sabah mənə özümü göstərməyə şans verəcək. Cari çempionatda ilk qələbəmizi son turda qazana bildik. Bu, bizə “Bakı” ilə görüşdə çox kömək olmalıdır. Klub rəhbərliyi böyüklük göstərərək, bizə daim dəstək olur, inanır. Biz də onların etimadını doğrultmağa çalışacağıq. Turnir cədvəlində vəziyyətimizi nəzərə alsaq, indi bizə hər xal qızıl kimi vacibdir”.

“Standard” - “Bakı” oyunu həm də sabiqlərin qarşıdurması olacaq. “Bakı” 2006-cı ildə ilk çempionluğunu məhz Hacıyevin rəhbərliyi altında qazanıb. “Standard”ın müdafiəçisi Ramin Quliyev, ən sərrast oyunçusu olan hücumçu Fərid Quliyev hələ “Dinamo” adlanan dövrdə komandada çıxış ediblər. Yeri gəlmişkən, Fərid “Bakı”nın Çempionlar Liqasında ilk qolunun müəllifi kimi də tarixə düşüb. Ancaq Ramalın sözlərinə görə, özü də daxil olmaqla, sabiqlər sabahkı oyuna prinsipial yanaşmırlar: “Keçmiş komandamızdan əvəz çıxmaq fikrimiz yoxdur. Əlbəttə, bu, bizim üçün adi bir oyun olmayacaq. “Bakı” turnir cədvəlində indiki mövqeyinə baxmayaraq zəif deyil. Sön ölkə çempionu ilə görüşə ciddi hazırlaşmışıq. Ancaq hansısa prinsipiallıq yoxdur”.