“Kocaelispor” klubunda yenə azərbaycanlı futbolçu?
04.12.2009 - 18:36
“Kocaelispor” klubunda yenə azərbaycanlı futbolçu?
Ramal Hüseynov Türkiyənin “Kocaelispor” klubuna qayıda bilər. Bu haqda apasport.az saytına məlumat verən 25 yaşlı futbolçunun sözlərinə görə, qış fasiləsində Sumqayıtın “Standard” klubunu tərk etmək fikri ciddidir. Bu yay elə “Kocaelispor”dan “Standard”da transfer olunan Ramal geri qayıtmaq variantını götür-qoy edir.

“İndiki komandamla mövsümün sonunadək müqaviləm olsa da, qış fasiləsində getmək fikrindəyəm. Həmin vaxt rəhbərliklə söhbətləşib, məsələyə tam aydınlıq gətirəcəyəm. “Standard”dan niyə getmək istədiyimi indi demək istəmirəm. Vaxtı gələndə səbəbini deyəcəyəm. Başqa variantlar olsa da, konkret ad çəkmək istəmirəm. Həm ölkə daxilində, həm də kənarında oynaya bilərəm. Türkiyəyə qayıtmaq variantı da var. “Kocaelispor” rəsmiləri ilə mütəmadi danışıram. Orada maliyyə vəziyyətinin həllini gözləyirlər. Bizim vaxtımızda da belə problem var idi və bu səbəbdən Vətənə döndüm. Hər şey qaydasına düşərsə, geri qayıda bilərəm. Türkiyənin birinci liqasında başqa variantlar da var”.

Qeyd edək ki, “Standard”da cari mövsümdə iki dəfə qırmızı vərəqə almaqla, antirekord müəyyənləşdirən Ramal ötən mövsümün ikinci dövrəsini “Kocaelispor”da keçirib. “Bakı”nın yarım illiyə icarəyə verdiyi Hüseynov Türkiyə Superliqasında cəmi bir oyunda meydana çıxıb. Ramalla birgə “Kocaelispor”a keçən milli komandamızın kapitanı Rəşad Sadıqov isə əsas heyətdə möhkəmlənə bilmışdı.