İlqar Qurbanovdan rəhbərliyə sərt ismarıc
05.12.2009 - 00:36
İlqar Qurbanovdan rəhbərliyə sərt ismarıc
Mövsümün əvvəlində “Olimpik-Şüvəlan”a transfer olunan İlqar Qurbanov heç də parlaq günlərini yaşamır. İstər sabiq baş məşqçi Əsgər Abdullayevin, istərsə də hazırkı çalışdırıcı Nazim Süleymanovun rəhbərliyi altında keçirdiyi oyunlarda ehtiyatda qalan Qurbanov qışda komandanı tərk etməyin mümkünlüyündən danışdı. Türkiyə Superliqasında çıxış edən “Diyarbakirspor” və birinci dəstə təmsilçilərindən təkliflər aldığını deyən gənc yarımmüdafiəçi klubu tərk edib-etməyəcəyi məsələsinə qışda aydınlıq gələcəyini dedi. “Futbol dünyası” qəzetinə müsahibə verən 23 yaşlı futbolçu “Olimpik-Şüvəlan”ın iki “cəbhə”də sonacan mübarizə aparacağını vurğuladı.

- Komandanın çıxışını necə qiymətləndirirsən?
- Son iki oyunda yaxşı təsir bağışladıq. Xüsusən, “Neftçi” ilə oyunu vurğulamalıyam. Bu gün (söhbət dünən olub) “Karvan” üzərində əldə etdiyimiz qələbə ilə ilk “altılıq” şansımızı saxladıq. Düzdür, “Neftçi” ilə müqayisədə “Karvan” bir qədər zəifdir. İstənilən halda, qələbə qələbədir. Son iki görüşdən danışarkən əvvəlki oyunlarımıza kölgə salmaq fikrində deyiləm. Əsgər müəllimin vaxtında da yaxşı nəticələrə imza atmışıq. Ancaq sonradan komandaya nəsə oldu, uğursuz çıxış etməyə başladıq. Qarşıda çətin oyunlarımız var. Onları da qələbə ilə başa vurub, öz sözümüzü deyəcəyik.

- Bəs “Karvan”la oyun haqda nə deyə bilərsən?
- Evdə oynadığımızdan bu görüşdə qələbə qazanmaqdan başqa çarəmiz yox idi. Düzdür, mən ehtiyatda olsam da, sonradan oyuna girdim. 3 xala layiq olan tərəf biz idik. Meydanın hər bir qarışı uğrunda mübarizə aparıb layiqli qələbə qazandıq. Uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Qarşıda bizi “Xəzər-Lənkəran”la çətin oyun gözləyir. Keçmiş komandama qarşı oynamaq bir qədər həyəcan yaradır. Əgər oynasam, peşəkar futbolçu kimi çıxıb əlimdən gələni edəcəyəm.

- İlk “altılıq” uğrunda şanslarınız o qədər də çox deyil. Yəqin ki, bütün diqqəti ölkə kubokuna yönəltmisiniz?
- Mən sizin kimi düşünmürəm. İndi Premyer Liqada zəif komanda yoxdur. Şübhəsiz, qarşıdakı turlarda digər komandalar da xal itkisi ilə üzləşəcəklər. Biz də bundan maksimum istifadə etməyə çalışacağıq. Ölkə kubokunda da şansımız davam edir. İki cəbhədə də sonacan mübarizə aparacağıq. Komandamız yaxşı futbolçulardan təşkil olunub.

- Səncə, komandada baş məşqçi dəyişikliyinə ehtiyac var idimi?
- Bu barədə mənim danışmağım düz olmazdı. Yaxşı olar ki, bu sualı rəhbərliyə ünvanlayasınız. Yəqin ki, belə bir dəyişikliyə ehtiyac duyub və bu addımı atıblar.

- Sabiq baş məşqçi Əsgər Abdullayevlə münasibətiniz necə idi?
- Əsgər müəllimlə aramızda heç bir narazılıq olmayıb. Məni komandaya o dəvət edib. Əsgər müəllim özünü təsdiq etmiş məşqçidir. O, peşəkar mütəxəssisdir və istənilən komanda ilə uğur qazanacağına əminəm.

- Bəs nəyə görə səni daha çox ehtiyatda görürdük?
- Bu, baş məşqçinin seçimi idi. Nazim müəllim də “Karvan”la qarşılaşmada ehtiyatda saxlamışdı. Həm də son vaxtlar zədəli olduğum üçün bir qədər oyunumda geriləmə var idi.

- Ehtiyatda qalmağının bir səbəbi də mövsümün əvvəlində hazırlıq keçməməyin ola bilərmi?
- Bəli, düz deyirsiniz. Mövsümün əvvəlində hazırlığa gec qoşuldum. Şübhəsiz, bu da forma yığmağıma müəyyən təsir göstərdi. Heç bir futbolçu ehtiyatda qalmağı xoşlamır. Elə mən də. Çalışacağam ki, yenidən əsas heyətdəki yerimi qaytarım. Hər şey özümdən asılıdır. Əgər öz üzərimdə daha çox çalışıb hazır vəziyyətdə olsam, yəqin ki, məni yenidən əsas heyətdə görəcəksiniz.

- Yeni baş məşqçi - Nazim Süleymanov haqda nə deyə bilərsən?
- Nazim müəllim haqda nə demək olar? Özünü sübut etmiş bir futbolçudur. Onun gördüyü işlər göz qabağındadır. İnanıram ki, komandaya yeni nəfəs, yeni ruh gətirəcək. Əlbəttə, bunun üçün müəyyən vaxta ehtiyacı var. Artıq onun komandada gördüyü işlərin işartıları görünür.

- Sən komandadakı çıxışını necə dəyərləndirirsən?
- Qənaətbəxş hesab etdiyimi deyə bilmərəm. Çünki əksər oyunlarda ehtiyatda qalmışam. Karyeram ərzində daim əsas heyətdə oynamışam. İstər Türkiyə klublarında çıxış edərkən, istərsə də Azərbaycanda. Ona görə də, hazırkı vəziyyəti normal qəbul edə bilmirəm. Bir sözlə, əsl İlqarı görməmisiniz.

- Mövsümün əvvəlində, Türkiyə Superliqasından və birinci dəstə komandalarından təkliflər olsa da, Azərbaycana dönməyi üstün tutdun. Buna görə peşmansanmı?
- Bəli. Yəqin ki, Türkiyədə qalsam, daha yaxşı olardı. Azərbaycana geri dönməyimi geriyə atılmış addım kimi qiymətləndirirəm. Sözün düzü, vəziyyətin bu həddə çatmasında sabiq komandam “Sivasspor”un da müəyyən rolu oldu. Əgər transfer vərəqəmi vaxtında versəydilər, gələn təklifləri dəyərləndirərdim. Transfer vərəqim əlimdə olanda artıq çox gec idi. Demək olar ki, məni istəyən komandalar heyətlərini komplektləşdirmişdilər. Ona görə də məcbur olub yenidən Azərbaycana döndüm. Hazırda bir çox klubdan təkliflər var. Onları nəzərdən keçirəcəyəm.

- Konkret hansı komandalardan təkliflər olub?
- Türkiyə Superliqasından “Diyarbakırspor”, birinci dəstədən “Konyaspor”, “Boluspor” və “Bucaspor” xidmətimdə maraqlıdırlar. Menecerlər vasitəsilə xəbər göndərirlər.

- Yəqin ki, ehtiyatda qalsan qış transfer pəncərəsində komandadan ayrılacaqsan?
- Bəli, əgər burada işlərim qaydasında olmasa, günümü əsasən ehtiyatda keçirsəm, qışda komandanı tərk edəcəyəm. Çünki bayaq da dediyim kimi, ehtiyatda qalmağı xoşlamıram. Hər futbolçu kimi mən də əsas heyətdə oynamaq istəyirəm.