Məkan bəlli, rəqib bəlli! Bəs baş məşqçilər nə dedi?
05.12.2009 - 00:44
Məkan bəlli, rəqib bəlli! Bəs baş məşqçilər nə dedi?
Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən 2010-cu il dünya çempionatının final mərhələsinin püşkatma mərasimindən sonra milli komandaların baş məşqçiləri açıqlama verib. Apasport.az saytının məlumatına görə, ən maraqlı fikirlərdən birini İtaliya yığmasının çalışdırıcısı Marçello Lippi səsləndirib.

Yoahim Löv (Almaniya yığmasının baş məşqçisi): “Püşkün nəticəsindən razıyam. Maraqlı qrupa düşmüşük. Avstraliya yığması ilə artıq bir dəfə 2005-ci ildə Konfederasiyalar Kubokunda qarşılaşmışdıq. Elə də asan oyun olmamışdı. Serbiya millisində çoxlu texnikalı futbolçular var. Onların Fransanı qabaqlayaraq qrupdan lider kimi çıxması buna sübutdur. Qana isə hazırda Kot d`İvuar və Əlcəzair yığmaları ilə birlikdə Afrikanın ən güclü komandasıdır”.

Fabio Kapello (İngiltərə yığmasının baş məşqçisi): “Bizim qrup göründüyü qədər də asan deyil. Bütün komandalar demək olar ki, eyni gücdədirlər. Biz artıq ABŞ və Sloveniya yığmalarına qarşı oynamışıq. Bu qarşılaşmalar bizim üçün asan keçməyib. Əlcəzairə gəldikdə isə, onların Misiri mübarizədən kənarlaşdırması çox şeyi göstərir”.

Marçello Lippi (İtaliya yığmasının baş məşqçisi): “Bilmirəm, püşkün nəticəsindən razı qalım, yoxsa narazı. Mundialda zəif komanda olmur. Paraqvay bir müddət Cənubi Amerika zonasında turnir cədvəlinə liderlik etdi. Slovakiya Polşa və Çexiya yığmalarını qabaqlayaraq qrup qalibi oldu. Yeni Zelandiya millisinin gücü haqqında çox şey bilmirəm, amma yaxın zamanlarda bunu aradan qaldıracağıq”.

Bert van Marveyk (Hollandiya yığmasının baş məşqçisi): “Əminəm ki, azarkeşlərimiz püşkün nəticəsindən razı qalıblar. Amma mən onlara xəbərdarlıq etmək istəyirəm ki, bu qrup heç də bizim üçün asan keçməyəcək. Danimarka öz qrupunu lider olaraq bitirdi. Bu isə hər şeyin bariz göstəricisidir. Biz artıq bir dəfə Yaponiya ilə qarşılaşmışıq və çətinliklə qələbə qazanmışıq. Kamerun isə mundiala Afrikanın ən güclü komandası kimi gəlir. Onlardan hər zaman hər şey gözləmək olar”.