Moskva “Dinamo”su azərbaycanlı futbolçu aldığını təsdiqlədi
05.12.2009 - 10:45
Moskva “Dinamo”su azərbaycanlı futbolçu aldığını təsdiqlədi
Soydaşımız Aleksandr Səmədovun Moskvanın “Dinamo” klubuna keçidi həllini tapıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Moskva”da oynayan 25 yaşlı futbolçunun transferində razılıq əldə etdiyini təsdiqləyib.

Bu barədə açıqlama verən “Dinamo”nun transfer siyasəti üzrə müşaviri Konstantin Sarsaniya “Moskva”dan moldovalı müdafiəçi Aleksandr Yepuryanunun ardınca, Səmədovla litvalı yarımmüdafiəçi Edqaras Çesnauskisin məsələsini yoluna qoyduqlarını bildirib. Yəni “Moskva” bu futbolçularının da gedişinə razılıq verib. İndi futbolçuların özləri ilə şəxsi müqavilələri bağlamaq qalır ki, bu da yaxın günlərdə reallaşacaq.

Sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Səmədov “Moskva”ya qədər Moskvanın “Spartak” və “Lokomotiv” klublarında oynayıb. Aleksandrdan fərqli, milli komandamızda çıxış edən Mahir Şükürovun da adı “Dinamo”nun ətrafında hallanır.