“Ağır oyunlar nə qədər çox olsa, bir o qədər yaxşıdır”
05.12.2009 - 12:43
“Ağır oyunlar nə qədər çox olsa, bir o qədər yaxşıdır”
“Ölkə kubokundakı penaltilər seriyasını nəzərə almasaq, “İnter”ə indiyədək uduzmadığımı bilirəm. Ancaq düzü, oyunlarımın sayı dəqiq yadımda deyil. Bilirsiniz, bu komandaya yenilmədiyimin elə bir sirri yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Unibank Premyer Liqasının XIII turunda sabah “Şəfa” stadionunda lider “İnter”lə görüşəcək lənkəranlılar təcrübəli çalışdırıcısının uğurlu seriyasına güvənir. Güclü rəqibi ilə keçirdiyi 17 oyunun heç birində məğlubiyyət acısı dadmayan Mircavadovun sözlərinə görə, bunun xüsusi bir resepti yoxdur: “Hansı komandada olmuşamsa, ilk növbədə yaxşı işləməyə çalışmışam. Bilirsiniz, uzun müddətli müqavilə bağlamaq o demək deyil ki, daha çox bu klubda qalmağa can atırsan. Məşqçi həyatı elədir ki, bu gün burdasan, sabah başqa yerdə. Sadəcə, hər bir klubda görüləsi işlər çoxdur. Bir işi görmək üçünsə vaxt lazımdır və bu səbəbdən uzun müddətli müqavilənin olmasını tərəfdarıyam. Yəni, görülən iş yarımçıq dayanmasın. Rəqibdən asılı olmayaraq, hər bir oyuna ciddi hazırlaşıram, qələbə çalmaq istəyirəm. Görüşə qələbə ruhu ilə hazırlaşmaq yaxşı təsir edir, meydanda belə oyun göstərəndə bunu nəticəsini görürsən”.

“İnter”i güclü komanda adlandıran Mircavadov bunda təkcə indiki gürcü baş məşqçi Kaxaber Sxadadze yox, ukraynalı sabiq çalışdırıcı Valentin Xodukinin də əməyini qeyd edir: “İnter”in bu səviyyəyə çatmasında əvvəlki baş məşqçinin zəhmətini unutmaq olmaz. Hələ Xodukinin dövründə komandada çox futbolçu vardı. O, sərəncamında geniş heyətin, 25-30 oyunçunun olmasını sevirdi. Bu da məşqçiyə seçim imkanı, fərqli heyət oynatmağa, taktiki gedişlər etməyə imkan yaradır. “İnter” digər komandalarımızdan ən böyük üstünlüyü iki eyni heyətə olmasındadır. Misal üçün, hücumda Robertas Poşkus yoxdursa, Girts Karlsons var. Yaxud milli komandamızın də üzvləri olan Samir Abbasovla Mahir Şükürov cəza səbəbindən yoxluğu hiss olunmadı. Aydın məsələdir ki, baş məşqçi dəyişəndə, sistem də dəyişir. Ancaq psixologiya dəyişməyib. Komanda yenə güclüdür, qalib ruhundadır. “İnter” daha çox hücuma keçir, çoxlu legionerləri, sürətli oyunçuları, “qol vuran ayaqları” var. Ancaq söhbət yoxdur ki, ideal komandanın da səhvləri var”.

Ötən həftəsonu “Bakı”nı yenən “Xəzər-Lənkəran” bir həftədə paytaxtda ardıcıl iki səfər oyununa çıxmalı olacaq. Ancaq bunda ciddi problem görməyən təcrübəli mütəxəssis “altılıq” uğrunda mübarizədə “qızıl xallar”ı vacib sayır: “Ağır oyunlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Mən gərgin oyunların tərəfdarıyam. Bizdə deyirlər ki, mövsümdə 30 oyundan yalnız 5-10 gərgin olur. Ancaq əslində bunun əksi, yəni 20-25 görüş gərgin mübarizə şəraitində olmalıdır. Məşqçi sakit durmamalı, həmişə axtarışda olmalıdır. Bu da onun işinin yaxşı cəhəti sayılır. Gərgin oyunlar çox olanda hamımızın işi yaxşılaşır, daim nəsə yenilik axtarırıq”.

Qeyd edək ki, Mircavadov “Xəzər-Lənkəran”ın çalışdırıcısı kimi “İnter”lə keçirdiyi 8 oyunun 5-də qalib gəlib, 3-də heç-heçə edib.