“Karvan”ın qatarı çoxdan gedib”
18.12.2009 - 18:13
“Karvan”ın qatarı çoxdan gedib”
“Komandamız geniş heyətə malik deyil. Bu səbəbdən “Muğan”la görüşdə əvəzedici heyətdən futbolçular götürməyə məcbur olmuşduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yevlaxın “Karvan” klubunun məşqçisi Zakir Mahmudov Unibank Premyer Liqasının XVI turunda Salyanın “Muğan” klubu ilə bugünkü ev oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynaya səfər edən baş məşqçi Yunis Hüseynovun yoxluğunda onu həm texniki zonada, həm də mətbuat konfransında əvəzləyən Mahmudov “Muğan”la görüşün maraqlı keçdiyini bildirib: “Fikrimcə, bu gün azarkeşlər də maraqlı oyun izlədilər. Hər iki komanda qalib gəlmək üçün mübarizə aparsa da, sonda bir xalla kifayətlənməli oldu. Hər halda, heç-heçəni qanunauyğun nəticə saymaq olar. Bu mənada rəqib komandanın baş məşqçisinin fikri ilə razıyam. Futbolçularımızın oyunundan razı qaldım. Rəqibi də səfərdə 1 xal qazanması münasibəti ilə təbrik edirəm. “Karvan”ın qatarı çoxdan gedib. Biz artıq gələn ildəki oyunlarımız haqda düşünürük”.

Qeyd edək ki, Mahmudov “Karvan”la yanaşı, Bakının “Standard” klubunda da Hüseynovun əsas köməkçisi olub.