Vaqif Cavadov: Yerli kluba keçmək fikrim yoxdur
19.12.2009 - 13:53
Vaqif Cavadov: Yerli kluba keçmək fikrim yoxdur
Klublarımızın yayda avrokuboklarda, millimizin isə seçmə mərhələnin son oyunları və Əl-Əyn turnirində göstərdiyi nəticələr ölkə futbolunda müəyyən irəliləyişin olmasına əyani sübut idi. Lakin inkişafdan danışdığımız bir ölkədə yığmanın heyətində bir legionerin belə olmaması bizlərə heç də başucalığı gətirmir. Halbuki bu gün qonşu Rusiya və Türkiyə çempionatlarında oynaya biləcək gücdə olan yetərincə futbolçumuz var. Onların sərhədləri aşa bilməməsini ölkəmizdəki menecerlərin zəifliyi ilə bağlayanlar olsa da, futbolçuların özündə də müəyyən günah var. Son vaxtlar legioner həyatı yaşamağa daha yaxın olan futbolçumuz Vaqif Cavadovdu desək, yanılmarıq. "Qarabağ"la müqaviləsinin müddəti yayda bitəcək futbolçu sözləşməni daha birilliyə uzatmaq qərarına gəlib. Təbii ki, bu addımın atılmasında məqsəd "Qarabağ"a müəyyən məbləğdə para qazandırmaqdı. Çünki Vaqiflə indi maraqlanan hansısa klubun onun "Qarabağ"la sözləşməsinin yayda bitəcəyini görüb, transfer əməliyyatını həmin müddətə qədər təxirə salmaq variantı ola bilərdi. Həmin vaxt isə istənilən komanda Cavadova görə "Qarabağ"a bir qəpik belə ödəmədən gənc futbolçunu heyətinə qata bilərdi. Ona görə də "Qarabağ" Cavadovla olan müqaviləni daha birilliyə uzatmaq qərarına gəlib. Ancaq səbəbkar belə düşünmür: "Birincisi, uzadılan 1 illik müqavilə xarici klublara keçidimə heç bir əngəl törətməyəcək. Çünki həmin anlaşma yalnız Azərbaycan daxilində nəzərdə tutulub. Bunu etməklə göstərmək istədim ki, hansısa yerli kluba keçmək fikrim yoxdu. Bir sözlə, "Qarabağ"a sadiqəm. Qaldı ki, əcnəbi klublara transfer olunmağıma, rəhbərliklə hələ o vaxt söhbət edəndə özləri bildirmişdi ki, hansısa səviyyəli komandadan təklif gəlsə, ortaq məxrəcə gələrək Avropaya yollanmağına şərait yaradacağıq".

Son vaxtlar Cavadovun adı müxtəlif komandalarla yanaşı hallanır. Bir müddət öncə onun "Tvente"yə keçəcəyi söylənilsə də, sonradan Rusiya və Almaniya variantları ortaya çıxdı. Görəsən, Vaqif özü harda oynamağı üstün tutur: "Açığı, bu vaxta kimi heç vaxt hansısa komandanı arzulayıb oturmamışam. İki arzum var. Birincisi, qısa zamanda Azərbaycanı tərk etmək. İkincisi, hazırda şərəfəini qoruduğum komandadan daha güclüsünə transfer olunmaq. Ona görə xüsusi olaraq ad çəkməyim düzgün olmazdı. Ən vacibi məni heyətində görmək istəyən komandaların sinələrini qabağa verib, danışıqlara keçməsidi".

20 yaşlı futbolçunun soyadına nəzər yetirsək, onun məşhur futbolçular nəslindən olmasını görmüş olarıq. Bəli, "Qarabağ"ın oyunçusu veteran futbolçu Füzuli Cavadovun oğludu. Deyilənlərə inansaq, guya "Neftçi"nin sabiq oyunçusu hazırda oğlunun meneceri kimi fəaliyyət göstərir. Vaqifin bu məsələ ilə bağlı fikrini öyrənmək maraqlı idi: "Boş söhbətlərdi. Nə menecer? Hazırda başım "Qarabağ"ın oyunu və məşqlərinə qarışdığından bütün dəvətləri atam gözdən keçirir. Ondan sonra birlikdə əyləşib fikir mübadiləsi aparırıq. Atam vaxtilə futbolçu olduğundan gələcək karyeramın hansı xətt üzrə daha uğurlu alınacağını daha yaxşı bilər. Belə baxanda, hansısa valideynin övladının işiylə məşğul olmasında qəbahət görmürəm".

Futbol+