Nazim Süleymanov: “Bakı” ilə görüşü prinsipial saymıram...
19.12.2009 - 14:41
Nazim Süleymanov: “Bakı” ilə görüşü prinsipial saymıram...
“Bakı” yaxşı komandadır, son ölkə çempionudur. Sabah bizi ciddi sınaq gözləyir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

İlk dövrə bitən kimi “təyyarəçilər”in sükanı arxasında keçmiş komanda yoldaşı Əsgər Abdullayevi əvəzləyən 44 yaşlı çalışdırıcı Unibank Premyer Liqasının XVI turunda “Bakı”nın qonağı olacaq. Süleymanovun fikrincə, belə rəqiblə görüşdə futbolçuları motivasiya etməyə, psixoloji baxımdan hazırlaşdırmağa ehtiyac yoxdur: “Düzdür, lazım olan şeyləri deyəcək, tapşırıqlarımızı verəcəyik. Ancaq əgər ölkə çempionu ilə görüşürsənsə, futbolçulara əlavə nə isə deməyə ehtiyac yoxdur. Rəqibin kimliyi hər şeyi deyir və futbolçular özləri-özlərini oyuna kökləyəcəklər. Onlar əzmkar çıxış edəcəklər. Komandamız “Bakı” ilə oyuna ciddi hazırlaşıb, öz oyununu göstərəcəklər”.

Süleymanov “təyyarəçilər”ə gəlişinə qədər məhz “Bakı”da çalışıb, məşqçilik karyerasında yeganə çempionluğunu bu komandada qazanıb. Ancaq çalışdırıcı qızıl medalı boynuna taxdığı klubla görüşə prinsipial yanaşmır: “Mən “Bakı” ilə oyunda prinsipial haqda fikirləşmirəm. Bu klubun rəhbərliyi ilə çox gözəl münasibətlərim var. Öz istəyimlə getdiyim “Bakı”da problemim olmayıb. Bilirsiniz, milli çempionatımızda hər bir klubla oynamalı olursan. “Bakı” da növbəti rəqiblərimizdəndir. Biz ilk növbədə Azərbaycan futboluna xidmət etdiyimizi nəzərə almalıyıq”.

Qeyd edək ki, “Bakı”nın sabiq baş məşqçisi Qyoko Hacıyevskinin köməkçilərindən olan Süleymanov il yarım əvəzedici komandanı çalışdırıb. O, makedoniyalı həmkarı istefa verdikdən sonra “zolaqlılar”ı bir oyuna – “Qarabağ”la görüşə (0:1) çıxarmışdı. Süleymanov həmin matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda sabah “Bakı”nın rəqibi olacaq.