“Turan” “İnter”lə qalmaqallı oyunun hakimlərindən şikayət etdi
21.12.2009 - 12:20
“Turan” “İnter”lə qalmaqallı oyunun hakimlərindən şikayət etdi
Unibank Premyer Liqasının XVI turunun “İnter”lə oyunundan sonra Tovuzun “Turan” klubu hakimlikdən narazı qalıb. Apasport.az saytının məlumatına görə, Qərb təmsilçisinin rəsmiləri qarşılaşmanın protokoluna öz narazılıqlarını qeyd edib.

Matçın baş hakimi Rauf Cabbarovun tovuzluların əleyhinə qərarlar verməsindən narazı qalan qonaqlar idarəçiliyin aşağı səviyyəsini belə ifadə edib: “Hakim bu oyunu korladı”.

Lakin iradları ilə bağlı hər hansı qərarın qəbul olunacağına heç tovuzluların özü də inanmır. Onsuz da cari mövsümdə hakimlərin idarəçiliyi elə səviyyədədir ki, protokola yazılan belə qeydlərin sayı-hesabı yoxdur. Təkcə “Turan” ən azı üçüncü dəfə meydanı narazı tərk edir. “Qarabağ” və “Simurq”la matçlardan sonra da Tovuz təmsilçisinin nümayəndələri narazılıqlarını rəsmi şəkildə ifadə etmişdi.

Qeyd edək ki, “İnter” “Turan”la oyunun son dəqiqələrində iki qol vuraraq 3:1 hesabı ilə qalib gəlib. Qarşılaşma həmçinin qalmaqalla yadda qalmışdı. Belə ki, komandaların baş məşqçiləri Kaxaber Sxadadze və Nizami Sadıqov arasında insident yarandığından, baş hakim hər iki çalışdırıcıya qırmızı vərəqə göstərək, meydandan qovmuşdu.
0