Premyer Liqanın əsasnaməsini kim pozur: PFL, yoxsa “Turan”?
21.12.2009 - 12:39
Premyer Liqanın əsasnaməsini kim pozur: PFL, yoxsa “Turan”?
Peşəkar Futbol Liqası (PFL) “Turan” klubuna son möhlət verib. Apasport.az saytının məlumatına görə, üzvlük haqları və İntizam Komitəsinin qərarlarına əsasən kəsilən cərimələri ödəyə bilməyən Tovuz təmsilçisinin PFL-ə böyük məbləğdə borcu hələ də qalmaqdadır.

Qurum “Turan”a dekabrın sonunadək borclarını ödəmək üçün vaxt verib. Yəni, ilin son 10 günü ərzində məsələ həll olunmalıdır. Əks halda, qərbliləri sərt sanksiyalar gözləyir. Bu məbləğ haqda rəsmi məlumat olmasa da, onun 180 min manat civarında olduğu deyilir.

Maraqlıdır ki, klubun borcunu ödəməməyi ilə bağlı hər hansı sanksiyanın tətbiqi mümkün deyil. Çünki yarışların əsasnaməsində “borcun ödənməsində son möhlət” ifadəsi yoxdur. Bu üzdən “Turan”ın məbləği ödəməyəcəyi halda, cəzalanacağı da mümkünsüz görünür.

Çünki üzvlük haqqı ödənməmiş legionerlərin necə lisenziya alması, çempionata buraxılması mümkün deyildi. Üstəlik, cərimələrlə bağlı belə bir maddə var ki, onlar elan olunduğu vaxtdan sonrakı 5 gün ərzində ödənilməlidir.

Əks halda, klub növbəti matça buraxılmır və texniki məğlubiyyət alır. Növbəti matçadək də cərimə ödənməsə komanda yarışdan çıxarılır. Maraqlıdır, əgər “Turan”ın borcları qalırdısa, onları niyə çempionatda oynayırdı?

Qeyd edək ki, “Turan” ötən mövsüm də eyni problemlə üzləşmişdi. Elə indiki kimi, birinci dövrədən sonra problemləri olan komanda borc içində “üzürdü”.
0