Vaqif Cavadov Avropanın ən yaxşı futbolçusu olmaq istəyir
21.12.2009 - 14:58
Vaqif Cavadov Avropanın ən yaxşı futbolçusu olmaq istəyir
“İlin ən yaxşı futbolçusu seçildiyimə görə çox sevinirəm. Bu, mənim üçün böyük şərəfdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında 2009-cu ildə Azərbaycan milli komandasının ən yaxşı futbolçusu seçilən Vaqif Cavadov deyib.

AFFA-nın təşkil etdiyi sorğunun qalibi olan Ağdamın “Qarabağ” klubunun 20 yaşlı hücumçusu bu gün mükafatlandırma mərasiminin əsas qəhrəmanlarından olub. Vaqif bu mükafatı karyerasında ən böyük uğurlardan sayır: “Demək olar ki, bu, 2006-cı ildə Azərbaycana gəldiyimdən sonra ilk titulum oldu. Futbolçu üçün də ən yaxşısı, önəmlisi budur. Azərbaycanda ilin ən yaxşısı oldum. İnşallah, gələcəkdə Avropada da belə nailiyyət qazanmaq istəyirəm. Arzum budur ki, Avropanın ən yaxşısı olum. Buna nail olmağa çalışacağam. Kim mənə səs veribsə, hamısına minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, oyunumu qiymətləndirirdiniz. Buna görə hamıya təşəkkür edirəm”.

Avropanın ən yaxşı futbolçusu olmaq üçün Azərbaycandan kənarda çıxış etməsi vacib olan Vaqif bunu gerçəkləşdirməyə iddialıdır: “İndi bu haqda çox danışılır. Hər gün söz-söhbət gəzir ki, mən Azərbaycanı tərk edəcəyəm. Danışıqlar aparılır və bu, öz nəticəsini verməlidir. Qarşımda belə məqsəd var ki, Azərbaycandan kənarda oynayım, legioner həyatı yaşayım. Allahın köməyi ilə karyeramda belə dönəm olacaq. Bu, qışda da ola bilər, yayda da. “Qarabağ”la danışıqlar gedir və inşallah, yaxşı olacaq”.

Qeyd edək ki, Vaqif üç il öncə Moskva MOİK-indən “Qarabağ”a keçib. O, 2006-cı ildən milli komandamızın üzvüdür.
0