“Rəhbərliklə anlaşsam, xarici kluba keçə bilərəm”
21.12.2009 - 15:13
“Rəhbərliklə anlaşsam, xarici kluba keçə bilərəm”
“Mənim üçün ilin ən yaxşı qapıçısı olmaq böyük şeydir. Futbol oynayırıqsa, deməli, bunu dəyərləndirirlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında 2009-cu ildə Azərbaycan milli komandasının ən yaxşı qapıçısı seçilən Kamran Ağayev deyib.

23 yaşlı qolkiperin şərəfini qoruduğu “Xəzər-Lənkəran” klubunda olduğu kimi, milli komandada da əsas qapıçı olması AFFA-nın təşkil etdiyi sorğunun qalibi olmasında böyük rol oynadı. Gənc olmasına baxmayaraq, inamlı çıxışı ilə diqqəti cəlb edən Ağayev aldığı mükafatı karyerasında böyük uğur sayır: “Mən bunu yüksək qiymətləndirirəm. Amma hesab edirəm ki, bu yerə çatmaq Azərbaycanda çox qapıçılara nəsib ola bilər. Fikrimcə, bir çox qapıçılarımız buna layiqdir. Sadəcə, məni ən yaxşı seçiblər və buna görə Azərbaycan xalqına, futbol ictimaiyyətinə “çox sağ ol” deyirəm. 2009-cu ildə bütün oyunlarımız yadda qalıb. Konkret hansısa oyunu fərqləndirə bilmərəm”.

Yaxın zamanlarda əcnəbi komandaya keçib-keçməyəcəyinə gəlincə, Ağayev bunu zamanın ixtiyarına buraxıb: “Azərbaycan kənardan çıxış etməklə bağlı təkliflər var. Sadəcə, “Xəzər-Lənkəran”la müqaviləm var və anlaşmam bitənə kimi bu komandanın üzvüyəm. Klubumla anlaşsam, xaricə gedə bilərəm”.
0