Yığmamızın futbolçusu təklif aldığı rus klubunun adını açıqladı
21.12.2009 - 15:38
Yığmamızın futbolçusu təklif aldığı rus klubunun adını açıqladı
“Qazandığım uğura çox sevinirəm. Buna görə komanda yoldaşlarıma minnətdarlıq edirəm. Bu mükafatı qazanmağımda onların çox böyük zəhməti olub”. Bu fikirləri apasport.az saytına açıqlamasında çimərlik futbolu üzrə yığmanın ən yaxşısı seçilən Elvin Quliyev deyib.

Layiq olduğu mükafatı AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən alan Elvin bu ilin ən yaxşısı seçilməkdə komanda yoldaşları, məşqçilərinin əvəzsiz köməyinin olduğunu bildirib: “Bu diqqətə görə çimərlik futbolu federasiyasının, AFFA-nın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Gələn il bundan da böyük uğur, mükafat qazanmağa çalışacağam. Bu il gücümüzü yüz faiz qoymağa çalışdıq. Gələn il daha çox məşq edib, bundan da yüksək nəticə qazanmağa səy göstərəcəyik”.

Böyük futbolda oynayanlar kimi, xaricdə çıxış etmək variantı olan Quliyev Rusiyadan təklif aldığını söyləyib: “Konkret “Delta” klubundan təklif almışam. Bundan başqa, Saratov təmsilçisində çıxış etmək variantım var. Lakin bizdə çimərlik futbolu üzrə oyunçulara tələbat çoxdur. Qışda hava şəraiti ilə əlaqədar futzal, yayda çimərlik futbolu oynayırıq. Xarici klublarla tez-tez yoldaşlıq görüşləri keçiririk və gələn il də belə sınaqlarımız olacaq. Bu, ilk növbədə beynəlxalq oyun təcrübəmizi artırır. Bu təklifi almağımızda Rusiyada işləyən baş məşqçimizin böyük rolu var. Oradakı nümayəndələr yaxınlaşaraq, oynamağı təklif ediblər. Amma hal-hazırda Rusiyaya getmək planım yoxdur. Gələcəkdə ola bilər ki, xarici klublara üz tutaq”.
0