“Denis hazırda klubun düşərgəsindədir, məşqlərdə iştirak edir”
21.12.2009 - 18:16
“Denis hazırda klubun düşərgəsindədir, məşqlərdə iştirak edir”
“Denis Silvanın komandamızdan gedişi ilə bağlı söhbət yoxdur. Sadəcə, onun müqaviləsinin müddəti bitmək üzrədir. Denis hazırda da komandanın düşərgəsindədir, məşqlərdə iştirak edir”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Lənkəranlıların 2008-ci ilin qışında transfer etdikləri braziliyalı Denis Silvanın razılaşmasının vaxtı bu ayın sonunda bitəcək. Ancaq Nadirov bildirib ki, müdafiəçinin komandada çıxışını davam etdirməsi məsələsi müsbət həll olunmalıdır: “Biz legionerlərlə 2 ildən aşağı müddətə müqavilə bağlamırıq. Komandamıza 2008-ci ilin qışında gələn Denislə həmin vaxt imzaladığımız anlaşmanın müddəti bitir. Bundan sonra onun məsələsinə baxacağıq. İnanırıq ki, bu, müsbət həll olunacaq və Silva ilə yeni müqaviləni razılaşdıracağıq. “Xəzər-Lənkəran” kimi klubda oynamağı kim istəməz ki?”

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın ötən ilin yanvarında “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nu qazandığı vaxt transfer etdiyi Denis Azərbaycan kubokunun qalibi olub.