“Brilyant top” da sənin olsun, sənin olsun!
22.12.2009 - 09:58
“Brilyant top” da sənin olsun, sənin olsun!
FİFA-nın İsveçrənin Sürix şəhərində yerləşən mənzil-qərargahında 2009-cu ilin yekunlarına həsr olunan mərasim keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə dünyanın ən ali futbol qurumunun milli komandaların baş məşqçiləri və kapitanları arasında keçirdiyi sorğu zamanı müəyyənləşən ilin ən yaxşı futbolçularının adları açıqlanıb. Həmçinin digər mükafatlar öz sahiblərini tapıb.

“Tərəqqi” nominasiyasının qalibi adını Çin Futbol Federasiyası qazanıb. “Ədalətli oyun” mükafatı isə mərhum Bobbi Robsona ölümündən sonra verilib. İlin ən gözəl qolu üçün bu ildən təsis olunan “Ferents Puşkaş mükafatı”na Kriştianu Ronaldo sahib çıxıb. İnternet vasitəsilə azarkeşlər arasında keçirilən sorğunun qalibinə mükafatı liberiyalı futbol veteranı Corc Vea və Puşkaşın xanımı Elizabet təqdim edib. Portuqaliyalı futbolçu hələ “Mançester Yunayted”də oynayarkən, “Portu”ya vurduğu qolun bəhrəsini görüb.

Ötən ilin ən yaxşı futbolçusu olmuş Ronaldo FİFA-nın versiyasına görə, ilin komandasında da yer alıb: İker Kasilyas (İspaniya, "Real"), Con Terri (İngiltərə, "Çelsi"), Nemanya Vidiç (Serbiya, "Mançester Yunayted"), Patris Evra (Fransa, "Mançester Yunayted"), Daniel Alves (Braziliya, "Barselona"), Xavi Ernandes, Andreas İnyesta (hər ikisi İspaniya, "Barselona"), Stiven Cerrard (İngiltərə, "Liverpul"), Lionel Messi (Argentina, "Barselona"), Kriştianu Ronaldo (Portuqaliya, "Mançester Yunayted"/"Real"), Fernando Torres (İspaniya, "Liverpul").

Dünyanın ən yaxşı qadın futbolçusunun adı isə yenə dəyişməz qalıb. Braziliyalı Marta ardıcıl 4-cü dəfə planetin ən yaxşısına verilən “Brilyant top”a yiyələnib. Mükafatını FİFA prezidenti Yozef Blatterdən alan futbolçu həmyerlisi Kristiana, almanlar İnka Qrinqs və Birgit Prins, həmçinin ingilis Kelli Smiti qabaqlayıb.

Nəhayət, 2009-cu ilin ən yaxşı kişi futbolçusu adını argentinalı Lionel Messi qazanıb. “Barselona”dakı komanda yoldaşları Xavi və Andreas İnyesta, həmçinin “Real”ın ulduzları braziliyalı Kaka və portuqaliyalı Kriştianu Ronaldo ilə birlikdə “Brilyant top”a namizəd olan Messi bütün rəqiblərini üstələyib. Argentinalıya mükafatı FİFA prezidenti Blatter və onun UEFA-dakı həmkarı Mişel Platini təqdim edib. Beləliklə, Lionel bu il həm Avropanın (“Qızıl top”), həm də dünyanın (“Brilyant top”) ən yaxşı futbolçusu seçildi.

Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts sorğuda Fernando Torres, Mixael Ballak, Con Terri “trio”suna, yığmamızın kapitanı Rəşad Sadıqov isə Lionel Messi, Xavi, Kriştianu Ronaldoya səs vermişdi.