“Vaqif Türkiyə və Rusiyada deyil, Mərkəzi Avropa ölkələrində oynasa yaxşıdır”
22.12.2009 - 12:17
“Vaqif Türkiyə və Rusiyada deyil, Mərkəzi Avropa ölkələrində oynasa yaxşıdır”
“Oğlumun ilin ən yaxşı futbolçusu seçilməsində jurnalistlərin də böyük rolu var. Onun oyununun mediada qiymətləndirilməsi nəticəsiz qalmadı. Buna görə sizlərə öz minnətdarlığımı bildirmək istəyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında 2009-cu ildə Azərbaycan yığmasının ən yaxşı futbolçusu seçilən Vaqif Cavadovun atası Füzuli Cavadov deyib.

Bu il həm “Qarabağ” klubunda, həm də milli komandanın heyətində göstərdiyi oyunla yadda qalan 20 yaşlı futbolçu AFFA-nın təşkil etdiyi sorğunun qalibi oldu. Ata Cavadov oğlunun mükafata layiq görüləcəyini gözləyirmiş: “Çünki Vaqif bundan əvvəl də belə mükafata sahib çıxmışdı. Unibankla Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi sorğuda birinci olmuşdu. Bu uğura həm milli komanda, həm də “Qarabağ”da çıxışı böyük təsir edib. Yığmamızın son oyunları uğurlu alındı və Vaqif həmin görüşlərdə vurduğu qollarla fərqləndi. “Qarabağ” isə bu yay Avroliqadakı çıxışı ilə futbolumuzda tarix yazdı. Əgər bütün bunları nəzərə alsaq, Cavadov ilin ən yaxşısı olmağa layiqdir”.

Hazırda müzakirə olunan əsas məsələ Vaqifin karyerasını harada davam etdirəcəyidir. Futbolçu “Qarabağ”la yeni müqavilə imzalamaqla, ölkə daxilində yalnız bu komandada oynamaq istədiyini nümayiş etdirdi. Ancaq Vaqif xaricdə oynamaq istəyini gizlətmir: “Mən də istəyirəm ki, Azərbaycanda kənarda oynasın. Daha səviyyəli çempionatda, daha güclü klubda oynamaqla, ilk növbədə inkişaf edəcək. Yəni, biz bu addımı pula yox, səviyyəsinin artmasına görə atmaq istəyirik. Onsuz da Vaqif kifayət qədər yaxşı qazanır və burda sərfəli təklifləri var. Ancaq xaricdə oynamaq onun bir futbolçu kimi inkişafına xidmət edəcək. Vətəndə oynamalı olsa, elə “Qarabağ”da qalacaq. Bu komanda hazırda çempionatın lideridir, çempionluğa əsas namizədlərdəndir. Belə olan halda, hazır futbolçu niyə başqa kluba verilsin? Həm də Azərbaycanda meydançaların pis vəziyyətdə olması, Vaqif kimi texnikalı futbolçuların oyununa mənfi təsir edir. Burda heç Anri də bir şey edə bilməz”.

Cavadov oğlunun qonşu ölkələrdə oynamasını arzulamır. “Tvente” də daxil olmaqla, bir sıra variantların olduğunu deyən veteran futbolçu hər şeyin danışıqların gedişindən asılı olacağını bildirib: “Bu məsələyə yanvarın ilk günlərindən aydınlıq gələcək. İstəməzdim ki, Vaqif Rusiya, yaxud Türkiyədə oynasın. Onun Mərkəzi Avropa ölkələrində - Fransa, Hollandiya kimi ölkələrdə çıxış etməsini çox arzulayıram. Rusiya, Türkiyə Avropaya yollanmaq baxımından bir tramplindir. Gərək orada oynayıb, özünü göstərməklə, avropalıların diqqət mərkəzinə düşəsən. Ancaq birbaşa Avropaya düşmək irəliyə doğru böyük bir addım olar. Təkcə Vaqif yox, xaricdə oynamağa bir sıra futbolçu layiqdir. Məsələn, qapıçı Kamran Ağayev müdafiəçi Mahir Şükürov”.

Qeyd edək ki, Vaqif “Qarabağ”a gələnədək futbolçu kimi ilk addımlarını Moskva MOİK-ində atıb və üç ildir ölkəmizdə çıxış edir.
0