FİFA-dan Maradonaya inanılmaz qadağa
22.12.2009 - 12:48
FİFA-dan Maradonaya inanılmaz qadağa
FİFA Argentina milli komandasının baş məşqçisi Dieqo Maradonaya çox ciddi qadağalar qoyub. Apasport.az saytının məlumatına görə, bu gün İspaniyanın Kataloniya bölgəsinin yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşündən öncə Maradonanın sərbəstliyi demək olar, tam məhdudlaşdırılıb. Dünyanın ən futbol qurumu ona oyundan öncə heç bir tədbirə qatılmamağı tövsiyə edib.

Hətta əfsanəvi futbolçunun Kataloniya yığmasının baş məşqçisi Yohan Kruifflə şəkil çəkdirməsi də yasaqlanıb. Hollandiyalı mütəxəssis mətbuatdan xəbərsiz olaraq, oteldə Maradona ilə görüşüb. Bu görüş barədə jurnalistlərə açıqlama verən Kruiff maraqlı ifadə işlədib: “Görüş zamanı sadəcə, ailələr haqqında danışdıq. Çünki futboldan danışmaq yasaq idi”.

Argentinalı çalışdırıcı bu gün “Nou Kamp” stadionunda keçiriləcək matçı tribunadan izləyəcək.

Qeyd edək ki, FİFA rəhbərliyinin Maradonaya qarşı belə həssas davranmasının səbəbi oktyabrda baş verən hadisədir. O, həmin vaxt dünya çempionatının seçmə qrup mərhələsində Uruqvay üzərində vacib qələbədən sonra argentinalı jurnalistləri təhqir etmişdi. FİFA tərəfindən sərt diskvalifikasiyaya məruz qalacağı gözlənilən Maradona 2 ay şərti cəza ilə canını qurtarıb. Məhz buna görə argentinalı dekabrın 4-də dünya çempionatının final mərhələsinin püşkatma mərasiminə buraxılmayıb. Maradonanın cəzası yanvarda bitəcək. Əgər o vaxta qədər əfsanəvi futbolçu yenə intizamsızlığa yol verərsə, onun barəsində çox ciddi tədbir görüləcək.
0