Cənab Karamanov Azərbaycana qayıdır!
22.12.2009 - 13:04
Cənab Karamanov Azərbaycana qayıdır!
Bolqarıstanın “Botev” klubunun 2 futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, İvan Karamanov və Vail Vasilyev-Stolba Yeni ildən sonra komandalarımızdan birində baxışdan keçəcək.

Legionerlərin hansı klubun düşərgəsinə gələcəyi dəqiqləşməsə də, bolqarlar xoşbəxtliyini Azərbaycanda axtarmaq fikrindədir. Bu, İvan üçün ölkəmizə ikinci səfər olacaq. 2005-ci ilin yanvarında “Qarabağ” klubuna transfer olunan Karamanov 2004/05 mövsümünün ikinci yarısında Ağdam təmsilçisinin şərəfini qorumuşdu. Daha çox ehtiyatda qalan hücumameylli yarımmüdafiəçi etimadını qazana bilmədiyi baş məşqçi İqor Ponomaryovla birlikdə 2005-ci ilin yayında Azərbaycanı tərk etməli oldu.

Maraqlıdır ki, həm Karamanov, həm də Vasilyev “Botev”in kapitanlarıdır. Mövsümün startından sarğını daşıyan Vasil italiyalı legionerlərin gəlişinədək bu funksiyanı icra edirdi. Yeni futbolçuların transferindən sonra kapitan əsas heyətdəki yerini itirdi. Bundan sonra rəhbərlik sarğını Karamanova verdi. İncik qalan Vasilyev isə zarafata salıb ona “Cənab Karamanov” adını verib. İndi isə “Botev”in heyətə düşə bilməyən kapitanı, həm də onun xələfi ölkəmizdə oynamaq fikrindədir.
0