Georgi Nikolov: Azad agent statusuna malik futbolçular alacağıq
22.12.2009 - 13:13
Georgi Nikolov: Azad agent statusuna malik futbolçular alacağıq
Bakının “İnter” klubu Unibank Premyer Liqasının qış fasiləsində Türkiyədə hazırlıq keçəcək. Bu haqda apasport.az saytına komandanın prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, Antalya yaxınlığındakı Belek qəsəbəsində təlim-məşq toplanışı keçmək fikrindədirlər.

“3 həftəlik toplanış nəzərdə tutulub. Gələn ilin yanvarın 11-dən başlayacaq hazırlıq prosesi fevralın 2-də bitəcək. Toplanış müddətində 5-6 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Rəqiblərdən birinin Avstriyanın yüksək liqa təmsilçisi “Kapfenberq” olacağı dəqiqdir. Bu komanda ilə yoxlama oyunu razılaşdırılıb” – deyə Nikolov bildirib.

İndiyədək hazırlıqlarını daha çox Türkiyədə keçirmiş “İnter” “Bakı”nın bir vaxtlar qüvvəsini sınadığı komanda ilə görüşəcək. “Kapfenberq” ötən qış elə Antalyada bakılılarla yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlmişdi.

Qış fasiləsində transfer məsələsinə diqqət yetirəcək “İnter” heyətdə dəyişiklərin olacağı gözlənilir. Ancaq bunu Kaxaber Sxadadzenin rəhbərlik etdiyi məşqçilər korpusunun öhdəsinə buraxan klub prezidenti transfer siyasətlərinə belə izah verib: “Biz azad agent statusuna malik oyunçuları transfer edəcəyik. Yəni, müqaviləsi olan futbolçuların komandamıza cəlb edilməsi ən azı yaya kimi nəzərdə tutulmayıb. Bir sıra futbolçularımız var ki, onların müqaviləsinin müddəti bitir. İstənilən halda, kiminlə vidalaşacağımıza, kimi alacağımıza baş məşqçimiz qərar verəcək”.
0