“Əgər “Neftçi” klubunun prezidenti olsam...”
22.12.2009 - 13:42
“Əgər “Neftçi” klubunun prezidenti olsam...”
“Mənim “Neftçi” futbol klubuna prezident təyin olunacağımla bağlı xəbərlər 2-3 gün yox, təxminən il yarım əvvəl gündəmə gəlib. Ancaq belə məlumatların nə zaman təsdiqini tapacağını söyləyə bilmərəm”. Bu sözləri apasport.az saytına eksklüziv açıqlamasında “Neftçi” İdman Sağlamlıq-Mərkəzinin (İSM) direktoru Sadıq Sadıqov deyib.

Yaxın günlərdə “Neftçi” klubunun prezidenti Əkbər Hacıyevin istefaya göndəriləcəyi, onu bu vəzifədə “Neftçi” İSM-in direktorunun əvəzləyəcəyi gözlənilir. Lakin Sadıqov bildirib ki, yeni təyinata dair qərar qəbul olunmayıb: “Futbol klubunun prezidenti olmağım barədə qərar çıxarılmayıb. Direktoru olduğum mərkəzin qapıları jurnalistlərin üzünə həmişə açıqdır. İnanın ki, prezident olsam, bu barədə xəbər dərhal mətbuata ötürüləcək. Çünki mənim heç kimdən, o cümlədən ölkə mətbuatından gizli işim yoxdur”.

O, “Neftçi” İSM-ə rəhbərlik etdiyi 5 il ərzində idmançılarımızın böyük uğurlar qazandığını söyləyib: “Ölkəmizin ən güclü idmançıları məhz bizim mərkəzin üzvləridir. Pekin Olimpiadasının mükafatçılarından dördü “Neftçi” İSM-in üzvüdür. Bundan başqa, ötən Pekin Yay Paralimpiya oyunlarında iştirak etmiş hər 18 idmançı “Neftçi”nin üzvü olub ki, bunlardan 11-i fəxri kürsüyə yüksəlib. “Neftçi” İSM 2007-ci və 2008-ci illərdə Gənclər və İdman Nazirliyi tərəfindən “ən fəal idman cəmiyyəti” seçilib”.

Sadıqov, həmçinin “Neftçi”də prezident dəyişikliyi haqda klubun sponsoru “Azəriqaz” QSC-nin İdarə Heyətinin qərar qəbul etməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Əkbər Hacıyevin Sadıq Sadıqovla əvəzlənəcəyi barədə ilk xəbəri apasport.az saytı yayıb.
0