AFFA qalmaqal salan baş məşqçilərin cəzasını verdi
22.12.2009 - 13:49
AFFA qalmaqal salan baş məşqçilərin cəzasını verdi
AFFA “İnter” və “Turan” klublarının baş məşqçilərini cəzalandırıb. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, gürcü Kaxaber Sxadadze ilə Nizami Sadıqovun Unibank Premyer Liqasının XVI turunda etdiyi hərəkətlərə assosiasiyanın İntizam Komitəsi hüquqi qiymət verilib.

"İnter" – "Turan" oyununun 88-ci dəqiqəsində komandaların baş məşqçiləri arasında xoşagəlməz hadisə yaşanıb. Sxadadze ilə Sadıqov bir-birini təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki baş məşqçi 4 oyunluq cəzalanıb və klubları 4000 manat cərimə olunub. Məşqçilərə verilmiş cəzanın yarısı (2 oyun) şərti olaraq tətbiq ediləcək. Yəni məşqçilər 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunur və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə olunur.

Qeyd edək ki, Sxadadze ilə Sadıqovun çəkməli olduğu iki oyunluq cəzanın biri bu ilə təsadüf edən XVII turda başlayıb gələn il fevralın əvvəlində baş tutacaq XVIII turda bitəcək.
0