Azərbaycan futbolunda 2000 manatlıq alışqan
22.12.2009 - 13:50
Azərbaycan futbolunda 2000 manatlıq alışqan
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, Unibank Premyer Liqasının XVI turunda baş verən hadisələri müzakirə edən komitə müvafiq qərarlar çıxarıb.

"Muğan"la görüşün 85-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan Əziz Quliyev 1 oyunluq cəzalandırılıb və çıxış etdiyi “Karvan” klubunu 200 manat ziyana salıb. "Xəzər Lənkəran" – "Qəbələ" qarşılaşmasında 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaqlar 1000 manat ödəməlidir.

"Bakı" – "Olimpik-Şüvəlan" görüşündə isə hər iki komanda eyni cəza alıb. "Bakı" 4, "Olimpik-Şüvəlan" 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün həmin məbləği ödəməlidir. "Neftçi" – "Standard" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Matçın 80-ci dəqiqəsində "Standard"ın futbolçusu Ramin Quliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və sumqayıtlıları 200 manat ziyana salıb. "Qarabağ" – "Simurq" görüşünün 81-ci dəqiqəsində meydana kənar əşya (alışqan) atıldığı üçün meydan sahibi 2000 manat cərimə olunub.
0