“Mahir Şükürovla əvvəllər maraqlanan var idisə, indi bu da yoxdur”
22.12.2009 - 14:16
“Mahir Şükürovla əvvəllər maraqlanan var idisə, indi bu da yoxdur”
“Son vaxtlar Mahir Şükürovun məsələsində tam durğunluq var. Futbolçumuza bir müddət əvvəl maraq var idisə, indi bu da yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Milli komandamızın baş məşqçisi Berti Foqtsla da əməkdaşlıq edən alman menecerlə müqavilə imzalayan Mahir Şükürovun adı daha çox Rusiya klubları ətrafında hallanır. Ancaq 27 yaşlı futbolçu ilə bağlı hələlik rəsmi təklif almadıqlarını deyən Nikolov qış fasiləsini gözləməyi məsləhət bilir: “Bizə Mahirlə bağlı heç kim rəsmi müraciət etməyib. Yəqin ki, bu məsələ “transfer pəncərəsi” açılan vaxtda gündəmə gələcək. Həmin vaxt baxışa çağırmaq, transferlə bağlı danışıqlar ola bilər. Digər futbolçularımızla bağlı təklif almamışıq. Azərbaycan transfer bazarına maraq olmamağı təəssüf doğurur. Fikrimcə, bu, neqativ tendensiyadır”.

Qeyd edək ki, Şükürov 2007/08 mövsümün ilk yarısında şərəfini qoruduğu “İnter”ə bu yay qayıdıb.
0