Yığmamızın baş məşqçisinin bəyəndiyi xanım məlum oldu
22.12.2009 - 15:14
Yığmamızın baş məşqçisinin bəyəndiyi xanım məlum oldu
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Şamil Heydərovla kapitanı Anna Atayeva dünyanın ən yaxşısını müəyyənləşdirə bilməyib. Apasport.az saytının məlumatına görə, FİFA-nın ən yaxşı qadın futbolçusunu seçmək üçün yığma məşqçiləri və kapitanları arasında keçirdiyi sorğuda ölkəmizin təmsilçiləri düzgün seçim etməyiblər.

Heydərov almaniyalı Birqit Prinsi birinci, braziliyalı Martanı ikinci, Almaniya yığmasının qapıçısı Nadin Angereri isə üçüncü pilləyə layiq bilib. Atayevanın seçimi isə reallıqdan çox-çox uzaq olub. O ilk “beşlik”də qərarlaşmayan iki oyunçunu bəyənib. Xanım futbolçu ilk pilləni alman qapıçı Nadinə, ikici yeri ingilis Kelli Smitə, üçüncülüyü isə Simon Lauderə verib. Bu “üçlük”dən yalnız Smit yekunda ən yaxşı 5 oyunçu arasında olub.

Yığmamızın baş məşqçisi və kapitanının heç biri “Brilyant top”un sahibini müəyyənləşdirə bilməyib. Hərçənd son 3 ildə “Brilyant top”a sahib çıxan Marta ardıcıl 4-cü titulunu da böyük üstünlüklə qazanıb. Bununla da mütləq dünya rekordu müəyyənləşdirən xanım futbolçu sorğuda 833 xal toplayıb.

O, ikinci olan almaniyalı Birqit Prinsi az qala 3 qat üstələyib – 290 xal. İlk “beşlik”də növbəti yerləri ingilis Smit (252), braziliyalı Kristian (239) və alman İnka Qrinqs (216) tutublar.
0