Gözün aydın, Əmirquliyev!
22.12.2009 - 15:22
Gözün aydın, Əmirquliyev!
Rahid Əmirquliyev “Xəzər-Lənkəran” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, milli komandamızın da üzvü olan 20 yaşlı yarımmüdafiəçi cari mövsümdə cənub təmsilçisində qol vuran ilk yerli futbolçu oldu.

O Unibank Premyer Liqasının hesabat turunda “Qəbələ” ilə ev oyununda fərqlənməklə, komandasına qələbə qazandırıb – 1:0. “Xəzər-Lənkəran” cari mövsümdə buna qədər ölkə kubokunun oyunlarını da nəzərə alsaq, 25 qola imza atıb.

Əmirquliyevədək yalnız legionerlər – braziliyalı Mario Souza (8 qol), honduraslı Alan Lalin (6), moldovalı Denis Kalinkov (5), bolqar İvan Svetkov (4) və braziliyalı Junior Osvaldo (1) fərqlənmişdi. Lənkəranlıların vurduğu daha bir qol isə avtoqol müəllifi olan “Olimpik-Şüvəlan”ın legioneri Abdulkadir Kamaranın hesabına yazılıb.

Rahid mövsümün 18-ci oyununun 52-ci dəqiqəsində “şeytanın qıçını qırmağa” müvəffəq oldu. Maraqlısı odur ki, “Xəzər-Lənkəran”da qol vuran sonuncu yerli oyunçu da elə Əmirquliyev idi. O, keçən çempionatın XX turunda (5 aprel 2009-cu il) “Standard”la ev oyununun (4:0) 77-ci dəqiqəsində rəqib qapısına yol tapmışdı. Cənub təmsilçisində yerli futbolçu ilə bağlı qol həsrəti nə az, nə çox, düz 258 gün çəkdi.

Qeyd edək ki, “Xəzər-Lənkəran”da bu il yerli futbolçuların qol vurması nə qədər problem olsa da, ümumi balans tam fərqlidir. Yəni 5 illik tarixi olan komandada azərbaycanlı oyunçular legionerlərdən daha çox qol vurub. Bu, lənkəranlıların indiyə kimi çıxış etdikləri turnirlərin hamısına aiddir.

“Xəzər-Lənkəran”da yerli və əcnəbi futbolçuların qol balansı:

Milli çempionatlarımızda: yerlilər 139 – legionerlər 117
Ölkə kubokunda: yerlilər 52 - legionerlər 34
Avrokuboklarda: yerlilər 4 - legionerlər 1
“Birlik kuboku”nda: yerlilər 8 - legionerlər 5
CƏMI: yerlilər 203 - legionerlər 157
0