Vilson “İnter”dən getdi
22.12.2009 - 16:13
Vilson “İnter”dən getdi
Bakının “İnter” klubunun qapıçısı Raymundo Vilson Azərbaycanı tərk edir. Apasport.az saytının məlumatına görə, il yarımdır “bankirlər”in şərəfini qoruyan braziliyalı qapıçı Premyer Liqanın qarşıdakı turunda “Qəbələ” ilə matçı gözləməyərək, bu axşam vətəninə dönür. Ötən turda “Turan”la ev oyununda (3:1) xəsarət alan Vilsonu gürcü həmkarı Georgi Lomaya əvəzləməli olmuşdu.

Zədəsi ciddi olan Raymundo gələn ilin fevralında, qış fasiləsi bitdikdən sonra yaşıl meydana dönə biləcək. İstənilən halda, dekabrın 24-də səfərdə “Qəbələ”yə qarşı oyunda komandasına kömək edə bilməyəcək legionerin istirahətə daha tez yollanmasına imkan yaradılıb. Vilson Braziliyada zədəsinin müalicəsi ilə də məşğul olacaq. Onun “İnter”in düşərgəsinə yanvarda Türkiyədə keçiriləcək təlim-məşq toplanışı zamanı qayıdacağı gözlənilir.

Qeyd edək ki, “İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadadze da bu ilin son oyununda komandaya kömək edə bilməyəcək. Buna səbəb gürcü çalışdırıcının “Turan”la qarşılaşmada etdiyi nalayiq hərəkətlərə görə, AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalanmasıdır. Ancaq Sxadadze “texniki zona”dan kənarda qalmasına baxmayaraq, sabah komanda ilə birgə Qəbələyə yollanacaq. O, fasilə yarandıqdan sonra vətəninə istirahətə gedəcək. Vitse-çempion yanvarın 11-dən fevralın 2-dək Antalyada hazırlıq prosesi keçəcək.
0