Fariz Nəcəfov: ...“altılıq” çoxdan müəyyənləşdirilib
22.12.2009 - 16:22
Fariz Nəcəfov: ...“altılıq” çoxdan müəyyənləşdirilib
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi

- Son turda “Qəbələ” səfərdə “Xəzər-Lənkəran”la qarşılaşdı. Komandanız 0:1 hesabı ilə məğlub olsa da, gözəl oyun göstərdi...
- Doğrudur, komanda, həqiqətən baxımlı futbol sərgilədi. Oyun ərzində xeyli qol epizodundan istifadə edə bilmədik. Birinci hissədə rəqibdən üstün oynadıq. Amma təəssüf ki, əlimizə düşən imkanları dəyərləndirə bilmədik.

- Xal itirməyinizə təkcə bu səbəb oldu?
- Əlbəttə ki yox. Son zamanlar rastlaşdığımız hakim qərəzi Lənkəranda da davam etdi. Azad Mütəllimovun başçılıq etdiyi hakimlər briqadası elə səhvlər etdilər ki, buna heç bir ad vermək olmur. Biz oyunu nə qədər kənardan izləsək də, səhvlər asanlıqla görünürdü. Təkcə iki dəfə “Xəzər-Lənkəran”ın futbolçularının əllə oynadıqlarını qeyd etmək kifayətdir. Birinci hissənin sonunda Razvan Tarleaya qarşı kobudluq edildi, lakin referi buna göz yumdu. Təbii ki, belə idarəçilik nəticəsində futbolçu əsəbiləşib hakimə etirazını bildirəcək. Azad Mütəllimov da bunu gözləyirmiş kimi Razvana sarı vərəqə göstərdi. Sarı vərəqə haqlı idi, yerində verilmişdi, lakin futbolçunu bu hərəkətə məcbur edən hakimliyə hansı qiyməti verəsən? Oyun ərzində eyni qayda pozuntusuna görə bizim futbolçumuz sarı vərəqə alır, rəqib komandanın üzvü isə cəzalandırılmır. Axı bu açıq-aşkar ikili yanaşmadır. Bilirsiniz ki, “Qəbələ”yə qarşı hakim qərəzi çoxdan başlayıb. Bizim “altılığa” iddiamız yaranan gündən bu yana hər matçda saysız-hesabsız hakim səhvləri ilə üz-üzə qalırıq.
Elə təəssürat yaranır ki, Premyer Liqa start götürməmişdən qabaq “altılıq” müəyyənləşdirilib və indi “Qəbələ” kimlərinsə qurduğu plana mane olan yeganə komandadır. Fikir verirsinizsə, “altılığa” real iddiası qalan yalnız 7 klub var. Onlardan 4-ü – “Qəbələ”, “Simurq”, “Bakı” və “Neftçi” 3 vakant yer uğrunda gərgin “döyüş”dədir. Və sonda yalnız bir komanda kənarda qalacaq. Fikrimcə, oyununa görə “Qəbələ” buna layiq deyil. Hazırda xal ehtiyatı daha çox olan komandalar – “Qarabağ”, “İnter” və “Xəzər-Lənkəran”la oyunlarımıza nəzər salaq. “Qarabağ”la hər iki görüşümüz heç-heçə sona çatıb, “İnter”lə qarşılaşmada yalnız son dəqiqələrdə buraxdığımız qollar nəticəsində uduzmuşuq, “Xəzər-Lənkəran”la bir dəfə heç-heçə oynamışıq, ikinci halda isə belə vəziyyətdə uduzmuşuq. Demək istəyirəm ki, “Qəbələ” birincilikdəki heç bir komandadan zəif deyil və “altılığa” düşməyə layiqdir.

- “Xəzər-Lənkəran”la matç ərəfəsində rəqibin yarımmüdafiəçisi Mario Souzanın cəzası iki oyundan bir oyuna endirildi. Halbuki Souza qırmızı vərəqə aldıqdan sonra İntizam Komitəsi onu iki oyunluq cəzalandırmışdı. Maraqlıdır ki, cari mövsümdə xeyli qırmızı vərəqəyə məruz qalan “Qəbələ” üçün bu gediş edilmir.
- Mən kiminsə qərarına qarışa çıxa və onun əksini tələb edə bilmərəm. Təkcə onu deyə bilərəm ki, son zamanlar meydançadan qovulan 5 futbolçumuzdan 3-ü – İqor Melnik, Tomaş Stolpa və Pavel Doroşev idmançıya yaraşmayan hərəkət etdiklərinə görə 2 oyunluq cəza alıblar və bu cəza olduğu kimi saxlanılıb. Biz heç bu tip cəzaların azaldılmasına görə AFFA-ya rəsmi müraciət də etməmişik. Çünki belə hərəkətin qarşılığında futbolçu layiqli cəzasını almalıdır. Ümid edirəm ki, federasiya Mario Souza ilə əlaqədar düzgün qərar qəbul edib. Onun qırmızı vərəqə aldığı epizod telekanallar vasitəsilə göstərilmədiyinə görə mən bununla tam tanış ola bilməmişəm və haqqında fikir yürütməyim düzgün olmaz. Əgər televiziya vasitəsilə nümayiş olunsaydı, biz də baxıb fikrimizi ifadə edərdik.

- Epizod “Olimpik-Şüvəlan” klubunun rəsmi saytına yayımlanıb. Onlar da AFFA-nın apelyasiya məktubu ilə bağlı qərarına rəsmi etirazlarını bildiriblər.
- Bəli, etiraz etmək hər bir klubun, o cümlədən “Olimpik-Şüvəlan”ın haqqıdır. Amma “Olimpik-Şüvəlan”ın rəsmi saytı bizim üçün mənbə ola bilməz. Biz oyunların ətraflı icmalları ilə yayım hüququna malik və onlarla rəsmi əməkdaşlıq kanallar vasitəsilə tanış olmalıyıq.

- “Qəbələ” bir müddət əvvəl rəsmi sayt vasitəsilə bəyanat yayaraq hakimliyə etirazını bildirdi. Amma belə başa düşmək olar ki, buna da məhəl qoyulmur...
- Bəyanatın yayılmasına əsas səbəb “Simurq”la qarşılaşma oldu. Həqiqətən, Zaqatalada rastlaşdıqlarımız bizi heyrətə gətirdi. Görüşün baş hakimi o qədər səhvə yol verdi ki, bu səhvlər nəticəsində baş məşqçimiz Ramiz Məmmədov da meydançadan kənarlaşdırıldı. Belə ki, hisslərini cilovlaya bilməyən Məmmədov məcbur qalıb idarəçiliyə etiraz etdi və bunun nəticəsində hakim tərəfindən cəzalandırıldı. Təkcə onu deyim ki, qapımıza vurulan qol açıq-aydın oyundankənar vəziyyət idi. Bunu görmək üçün iki deyil, bir göz də kifayət edərdi. Rəqib komandanın müdafiəçisi bizim hücumçulara qarşı etdiyi kobudluğa görə elə birinci hissədəcə qırmızı vərəqə almalı idi, lakin hakim buna da reaksiya vermir, sakitcə oyunu davam etdirirdi. Bütün bunlar bir kənara, adi autu, künc zərbəsini, cərimə zərbələrini əks tərəfin lehinə verərək bütün futbolçularımızın əsəbləri ilə oynayırdı.

- “Qəbələ” yüksək liqada çıxış etdiyi bütün dövrlərdə hakim təzyiqi, ədalətsizliklə üzləşib. Amma ani hakim səhvləri dünyanın hər yerində, ən yüksək səviyyəli idman yarışlarında var. İndi isə bu səhvlər ani xarakter daşımır, hiss olunur ki, davamlı şəkildədir. Belə çıxır ki, komandanıza qarşı düşünülmüş kampaniya var?
- Bunu hər kəs bir cür analiz edə bilər. Məncə, kampaniya həqiqətən var. Bizə mane olurlar, rəqiblərin önünü isə açırlar. Məsələn, bir turda biz hakim səhvlərindən əziyyət çəkəndə əsas rəqiblərimiz eyni yolla qələbə qazanırlar. Özü də, deyəsən, artıq hakimlik kifayət etmir bunlara. Eşitdiyimə görə, danışılmış oyunlar, oyun alqı-satqıları bir-birini əvəzləyir. Amma ortada fakt yoxdur deyə, bu əməllərin sahibləri cəzalandırılmırlar. Bu yaxınlarda İtaliyada da belə hal oldu və “Yuventus” kimi klub B Seriyasına göndərildi. Onlar şübhələndilər və sona kimi araşdırma aparıb çirkin əməlləri ortaya çıxardılar. Bizdə isə bu yöndə iş aparılmır və hər şey pərdəarxasında qalır. Bunun da nəticəsidir ki, Avropa, dünya miqyasında uğurlara həsrət qalmışıq.
Bilirsiniz, bu gün bizim məqsədimiz digərlərindən fərqlənir. Rəhbərlik qarşımıza mütləq şəkildə çempion olmaq və ya avrokuboklara vəsiqə qazanmaq məqsədi qoymayıb. Bizim məqsədlərimiz hər kəsə bəllidir: Qəbələni ölkəmizin futbol mərkəzlərindən birinə çevirmək və Azərbaycan futboluna önəmli xeyir vermək. Biz infrastrukturumuzla, yetişdirdiyimiz futbolçularla, dünya səviyyəli layihələrlə ölkə futboluna xidmət etmək istəyirik, daha “altılığa” düşməklə işimizi bitmiş saymırıq. Amma bununla yanaşı, Premyer Liqada mübarizə aparırıq, bu komandanı formalaşdırmaq üçün əziyyət çəkmişik, indi niyə əziyyətimizi yerə vursunlar, qoy hansı yerə layiqiksə, onu da tutaq. Bizim mübarizəmiz sadəcə özümüz üçün deyil, həm də təmiz futbol üçündür. Bu yolda tərəfimizdə və qarşımızda olanlarla rastlaşacağıq. Bacardığımız qədər öz yolumuzla davam edəcək, doğru yolda olmayanlara qoşulub onların yolunu davam etdirməyəcək, onları öz yolumuza gətirməyə çalışacağıq. Sona qədər futbolu ancaq və ancaq meydançada oynayacağıq, kənar oyunlar bizə və adımıza yaraşmaz!

- Sonuncu sual. Bəli, “Qəbələ”yə qarşı təzyiqlər göz önündədir. Komandanın uğur qazanmasına mane olmaq üçün ən müxtəlif yollara əl atılır. Lakin məsələnin digər tərəfi də var. Özünüz də qeyd edirsiniz ki, futbolçulara göstərilən vərəqlər yerində və haqlıdır. Hamıya maraqlıdır, klub daxilində bu futbolçular cəzalandırılırmı, onlara daha diqqətli oynamaları ilə bağlı tapşırıqlar verilmirmi?
- Fərdi idman növlərində idmançı güclü olanda ona heç bir qüvvə təsir edə bilmir, o hakimi də məğlub etməyi bacarır. Amma futbol bir az fərqlidir. Bu, kollektiv oyundur, kollektivin hər bir fərdi isə fərqli düşüncə tərzinə, fərqli xarakterə malikdir. Biz futbolçunu nə qədər tənbeh etsək, ona tövsiyyə, cəza versək də istədiyimiz effekti ala bilmirik. Axı o da insandır, onun da hissləri var. Bəziləri emosiyasını cilovlaya bilir, bəzisi isə onu nümayişkərana şəkildə biruzə verir. Emosionallıq isə qələbə istəyindən irəli gəlir. Bizim çox zaman vərəqələri hakimin yaratdığı mühitin nəticəsində alırıq.
Onu da qeyd etmək istərdim ki, Premyer Liqada komandalar arasında səviyyə fərqi böyük deyil. Burada kənardan edilən cüzi təsirlər nəticəyə birbaşa sirayət edir. Bəli, biz öz oyunumuz oynamalı və qələbəni yalnız gücümüz sayəsində qazanmalı olduğumuzu bilirik. Bilirik ki, daha yaxşı oynasaq, nəticələrimiz də daha yaxşı olar. Amma gördüyünüz kimi, başımızı aşağı salıb sakitcə oynamağa da imkan vermirlər.

Mənbə : qabalafc.az
0