Futbolumuzda Pələng yoxdur, Meymun çoxdur!
30.12.2009 - 12:45
Futbolumuzda Pələng yoxdur, Meymun çoxdur!
Azərbaycan milli çempionatına “pələng” baş məşqçi lazımdır. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasında mübarizə aparan 12 klubun çalışdırıcısından heç biri 2010-un rəmzi olan Pələng ilində anadan olmayıb.

Bu azmış kimi, yola saldığımız Öküz ilində də dünyaya gələn mütəxəssis yoxdur. Əvəzində digər heyvanlar üstündə təhvil olan illərdə doğulan baş məşqçilər var. Məlum olduğu kimi, Şərq təqviminə görə illər 12 heyvan üstündə təhvil olunur. Onlardan düz yarısının təmsilçisi Premyer Liqamızda baş məşqçidir.

Bu mənada ən çox Meymun ilində dünyaya gələnlərin olması diqqəti çəkir. Gürcüstanlı Kaxaber Sxadadze (“İnter”), türkiyəli Bülənt Korkmaz (“Bakı”) və Ramiz Məmmədov (“Qəbələ”) eyni ildə anadan olublar. Yunis Hüseynovla (“Karvan”) Nazim Süleymanov (“Olimpik-Şüvəlan”) 1965-ci ildə doğulublar ki, bu da İlan ilidir. Ukraynalı Roman Pokora (“Simurq”) Qurban Qurbanovdan (“Qarabağ”) 24 yaş böyük olsa da, hər ikisi Siçan ilinin təmsilçisidir. Ağasəlim Mircavadov (“Xəzər-Lənkəran”) vaxtilə rəhbərliyi altında oynadığı, sonradan isə həmkarı olan Vaqif Sadıqovla (“Neftçi”) birgə Qaban ilini təmsil edir.

Böyükağa Hacıyevlə (“Standard”) bosniyalı Almir Hurtiçi (“Muğan”) İt ili birləşdirir. “Turan”ın baş məşqçisi Nizami Sadıqov isə baş məşqçilər arasında Keçi ilinin yeganə nümayəndəsidir. Göründüyü kimi, o, digər həmkarlarından öz “heyvanı” ilə təkbətək qalıb. 12 baş məşqçi arasında ən qocası 62 yaşlı Mircavadov, ən cavanı isə vaxtilə onun futbolçusu olmuş 37 yaşlı Qurbanovdur.

Qeyd edək ki, pələng ilində anadan olanlar arasında vaxtilə güclülər dəstəsində baş məşqçi kimi çalışanlar olub. Bu mənada 1950-ci ildə dünyaya gələn Nadir Qasımov, Elbrus Abbasov, Arzu Mirzəyev, türkiyəli Rasim Karanı misal göstərmək olar. Bu il Azərbaycanın ən yaxşı futbolçusu seçilən Vaqif Cavadovun atası Füzulu Cavadov milli çempionatımızda baş məşqçi kimi işləməsə də, hər halda, 1950-ci il təvəllüdlüdür. Onların hamısı pələng ilində 60 illik yubileylərini qeyd edəcəklər.

21 və 19 yaşlılardan ibarət yığma komandalarımıza baş məşqçisi Bernard Lippert Pələng ilindəndir. Alman çalışdırıcı 1962-ci ildə dünyaya göz açıb. AFFA-nın ilk prezidenti olan Fuad Musayev də Pələng ilinin təmsilçisidir. Ali futbol qurumuza 1992-2003-cü illərdə rəhbərlik edən Musayev 1938-ci ildə anadan olub.

Meymun ili

“İnter”

Kaxaber Sxadadze (1968, Gürcüstan)

“Bakı”
Bülənt Korkmaz (1968, Türkiyə)

“Qəbələ”
Ramiz Məmmədov (1968)

Siçan ili

“Qarabağ”

Qurban Qurbanov (1972)

“Simurq”
Roman Pokora (1948, Ukrayna)

Qaban ili

Xəzər-Lənkəran”

Ağasəlim Mircavadov (1947)

“Neftçi”
Vaqif Sadıqov (1959)

İlan ili

“Olimpik-Şüvəlan”

Nazim Süleymanov (1965)

“Karvan”
Yunis Hüseynov (1965)

İt ili

“Standard”

Böyükağa Hacıyev (1958)

“Muğan”
Almir Hurtiç (1970, Bosniya və Herseqovina)

Keçi ili

“Turan”

Nizami Sadıqov (1967)
0