Adnan Bərəkət “Bakı”ya transferindən danışdı
30.12.2009 - 13:17
Adnan Bərəkət “Bakı”ya transferindən danışdı
“Bura gələnədək Azərbaycan futbolu barədə məlumatım çox az idi. Yalnız “Qarabağ”ın Avroliqada “Tvente”yə qarşı oyununu izləmişdim. Çempionatınızda mübarizə aparan komandaların fiziki və texniki hazırlıq səviyyəsinin Avropa ilə müqayisədə elə də yüksək deyil. Amma xoşuma gələn cəhətlər də çoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun yeni transferi Adnan Bərəkət deyib.

Mərakeş əsilli hollandiyalı futbolçu bir neçə gün “zolaqlılar”ın düşərgəsində baxışda olub. Paytaxt klubunun məşqçilər korpusu onu bəyəndikdən sonra tərəflər razılığa gəliblər. 27 yaşlı yarımmüdafiəçi yeni kollektivdə gülərüzlə qarşılandığın bildirib: “Bakının müasir Avropa şəhəri olması məni yaxşı mənada təəccübləndirdi. Yeni komandamın kollektivi məni gülərüzlə qarşıladı, səmimiyyət yüksək səviyyədədir. Milli komandanızı almaniyalı Berti Foqtsun çalışdırdığından da xəbərim var. Burada uğur qazanacağıma əminəm”.

O, “Bakı”ya keçidinin səbəbini də açıqlayıb: “Bakı” barədə menecerim mənə ətraflı məlumat verib. Komanda hər il çempionluq, Avropa miqyaslı yarışlar üçün oynayır. Bu, Azərbaycana gəlməyimin əsas səbəbidir. İnşallah, komandaya xeyirli olaram!”

Hollandiyanın “Den Boş” klubundan transfer olunmuş Bərəkət Yeni il bayramı keçirmək məqsədilə Amsterdama yollanıb. Yüksək sürət və güclü zərbələrə malik yarımmüdafiəçi bayram tətili başa çatdıqdan sonra Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək “Bakı”nın düşərgəsinə qoşulacaq. Onunla qarşıdakı günlərdə 2,5 illik rəsmi müqavilə imzalanacaq.

Mənbə: fcbaku.az
0