“Xəzər-Lənkəran” Maykonu almaq istəyir!
30.12.2009 - 16:18
“Xəzər-Lənkəran” Maykonu almaq istəyir!
“Xəzər-Lənkəran” klubu Belarus çempionatından daha bir futbolçu transfer edir. Bu barədə apasport.az saytına açıqlamasında komandanın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Onun sözlərinə görə, BATE-nin slovakiyalı müdafiəçisi İvan Pexanın ardınca yüksək liqada mübarizə aparan daha bir legionerlə maraqlanırlar.

“Belarusda da onun adının açıqlamasını istəmirlər. Həmin braziliyalı hücumçunun oyununu görmüşük. Məşqçimiz çıxışını canlı izləyib. Ümumiyyətlə, Belarusdan gələn futbolçular yaxşı olurlar. Onlardan razı qalıram. Bu yay baxışa gələn Pexanı bəyəndik, dərhal da götürdük” – deyə Mircavadov bildirib.

Litva, Estoniya və başqa ölkələrdən də baxışa futbolçuların gələcəyini vurğulayan Mircavadovun fikrincə, braziliyalı hücumçu ilə bağlı vəziyyət fərqlidir: “Mən legionerləri canlı görməyi üstün tuturam. Ancaq braziliyalını görüb, bəyənmişik. İndi maddi məsələlərdə ortaq məxrəcə gəlmək qalır. Braziliyalı birbaşa müqaviləyə gəlir. Belaruslular onu satmaq istəyirlər. Pul məsələsinə mən yox, klub rəhbərliyi baxır. Braziliyalının keçidi danışıqların nəticəsindən asılı olacaq”.

Cənub təmsilçisinin transfer etmək istədiyi braziliyalı hücumçunun kimliyini öyrənə bildik. Bu, “Qomel” klubunun 23 yaşlı legioneri Maykon Rogerio Silvadır. O, ötən mövsüm vurduğu 15 qolla Belarus çempionatının yüksək liqasının bombardiri olub. Ancaq bu, komandasının yüksək liqada qalmasına kömək olmayıb. Belə ki, 14 komanda arasında 12-ci yeri tutan “Qomel” birinci diviziona düşüb. Maykonun “Xəzər-Lənkəran”a keçidini 50-50-yə qiymətləndirmək olar.
0