“Şahin Diniyevin nəticəsi məni utandırmadı”
06.01.2010 - 10:30
“Şahin Diniyevin nəticəsi məni utandırmadı”
Qroznının “Terek” klubunun yeni baş məşqçisi təyin olunan Anatoli Baydaçnı köməkçisi Şahin Diniyevin işinə qiymət verib. Apasport.az saytının məlumatına görə, belaruslu mütəxəssis Rusiya Premyer Liqasının sonuna 5 tur qalmış komandanın sükanı arxasına keçən azərbaycanlı həmkarının bütün oyunlarda uduzmasını böyük uğursuzluq saymır.

“Finişin belə uğursuz olması məni qətiyyət utandırmadı. Əlbəttə, uduzmaq həmişə pisdir. Ancaq bunun öz səbəbləri var. Həmin vaxt minimum vəzifə yerinə yetirilmişdi. Qərara alındı ki, əvəzedicilərdən bacarıqlı gənc futbolçulara əsas komandada özlərini göstərməyə şans verilsin. Bir sözlə, biz mövsümü daha çox klubun sabahı haqda düşünərək başa vurduq” – deyə Baydaçnı bildirib.

Qeyd edək ki, Diniyevin də sıralarında yer aldığı “Terek” yanvarın 4-də Antalyaya hazırlıq prosesinə yollanıb.