İFFHS və apasport.az saytının seçimi üst-üstə düşdü
06.01.2010 - 11:22
İFFHS və apasport.az saytının seçimi üst-üstə düşdü
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin ən yaxşı hakimini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, qurumun öz nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən isveçrəli Massimo Buzakka ötən ilin ən yaxşı ədalət təmsilçisi seçilib.

Ötən il Çempionlar Liqasının finalında İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” klublarını meydana çıxaran Buzakka 225 xal toplayıb və ən yaxın izləyicisi olan italiyalı Roberto Rozettini 78 xal qabaqlayıb.

Üçüncü yeri 52 xalla Hovard Uebb tutub ki, o da ötən il oktyabrın 14-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan – Rusiya (1:1) matçını idarə edib. İFFHS-in sorğusunda adı çəkilən 26 hakimdən yalnız biri keçmiş SSRİ məkanını təmsil edir. Bu da vaxtilə Azərbaycan – Özbəkistan yoldaşlıq görüşünü idarə etmiş Rövşən İrmatovdur. 11 xal toplayan özbək hakim ümumi sıralamada 14-cü yeri tutub.

Qeyd edək ki, sorğuda İFFHS-in Azərbaycan üzrə nümayəndəsi, apasport.az saytının əməkdaşı Vüqar Xeyrullayev də iştirak edib. O, planetin ən yaxşı hakimini düzgün müəyyənləşdirərək, 1-ci yeri Buzakkaya verib.