“Qəbələ”yə 10 futbolçu gəlir
06.01.2010 - 14:18
“Qəbələ”yə 10 futbolçu gəlir
“Qəbələ” yeni legionerlərin yolunu gözləyir. Bu barədə apasport.az saytına açıqlama verən komandanın baş məşqçisi Ramiz Məmmədov bildirib ki, 10-dək əcnəbi futbolçu baxışa gələcək. Məmmədovun sözlərinə görə, bunlar müxtəlif ölkələri təmsil edəcəklər:

“Bizə təklif edilən legionerlər arasında Makedoniya, Serbiya, Rumıniya, Belarusun təmsilçiləri var. Onları təlim-məşq toplanışı keçəcəyimiz Türkiyəyə dəvət etmişik. Əcnəbilər arasında seçim edib, bəyəndiklərimizi götürəcəyik. Bizə hər mövqeyə futbolçu lazım deyil. Əsasən hücum xəttini gücləndirməliyik. Polşalı hücumçumuz Tomaş Stolpanı vətəninə yola saldıq. Rəhbərlik belə qərara gəldi ki, onunla başa çatan müqaviləni uzatmayaq. Bundan əlavə, ukraynalı hücumçu Maksim Skoroxodovun da yerinə oyunçu axtarırıq. Stolpadan fərqli, onunla yollarımızı ayırmamışıq. Sadəcə, “Neftçi” ilə görüşdə ağır zədələnən Skoroxodovun xidmətindən uzun müddət istifadə edə bilməyəcəyik” – deyə Məmmədov bildirib.

Baş məşqçi heyətdəki dəyişiklərə tam aydınlıq gəlməsi üçün iki gün də gözləməyi məsləhət bildi: “Vidalaşdığımız futbolçuların adlarını yanvarın 8-də rəsmən açıqlayacağıq. Biz legionerlərlə yanaşı, yerli futbolçular da almaq istəyirik. Onlar klubları ilə müqavilə məsələsini özləri həll etməlidirlər. Yəni anlaşa bilsələr, heyətimizə qatacağıq. Öz klubları ilə razılığa gələcəklərinə söz verənlər var”.

Hazırlığın ilk mərhələsini ölkə daxilində keçirəcək “Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. 41 yaşlı çalışdırıcı artıq bilet məsələsini də həll etdiklərini söyləyib: “İki həftəlik təlim-məşq toplanışında 4 yoxlama oyunu keçirəcəyik. Tarixlər yanvarın 18-i, 21-i, 24 və 27-nə nəzərdə tutulub. Rəqiblərimiz orada bəlli olacaq. Hər halda, Rusiya və Ukraynanın Premyer Liqa klubları ilə görüşmək variantı var. Yanvarın 28-də vətənə dönüb, son hazırlığı burda keçirəcəyik”.

Qeyd edək ki, “Qəbələ” qış fasiləsinə 7-ci pillədə yollanıb.