“Neftçi” maraqlandığı futbolçunun adını açıqladı
06.01.2010 - 14:49
“Neftçi” maraqlandığı futbolçunun adını açıqladı
“Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov Bakının “İnter” klubunun və Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovla danışıqlar apardıqlarını təsdiqləyib. O, Lent.az-a açıqlamasında Hüseynovun “İnter”lə müqaviləsinin başa çatdığını bildirib.

Sadıqovun sözlərinə görə, danışıqlar baş tutsa, 22 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”a pulsuz başa gələcək. Baş məşqçi qısamüddətli hərbi xidmətini başa vurduqdan sonra Bakıya qayıdan futbolçunu yanvarın 9-dək sıralarına qatmaq istədiklərini bildirib: “Həmin gün biz məşqləri bərpa edəcəyik. İstəyirik ki, Bakıda keçirəcəyimiz təlim-məşq toplantısı zamanı futbolçularımızın nəyə qadir olduqlarını nəzərdən keçirək. Ona görə də Cavidlə danışıqların yaxın günlərdə yekunlaşmasında maraqlıyıq. Ona təklif etdiyimiz şərtləri açıqlamaq istəməzdim. Məncə, Hüseynov üçün ən böyük şərt “Neftçi”də oynamasıdır”.

Sadıqov digər yerli futbolçuların da “Neftçi”yə təklif olunduqlarını bildirib. Lakin öz klubları ilə müqavilə müddəti başa çatmadığı üçün onları paytaxt klubu öz heyətinə cəlb etməyə tələsmir: “Biz həmin futbolçulara əvvəlcə öz klubları ilə problemləri yoluna qoymasının gərəkliyini söyləmişik. Yalnız bundan sonra onların klubumuza keçidinə baxıla bilər”.

Yanvarın 12-də “Olimpik-Şüvəlan”la yoldaşlıq görüşü keçirəcək “Neftçi” bir sıra əcnəbi futbolçuları da sınaqdan çıxaracaq. Lakin baş məşqçi onların adlarını və təmsil etdikləri ölkələri açıqlamayıb.