Ukraynalı mütəxəssis: Berti Foqts pis məşqçi deyil, ancaq...
07.01.2010 - 10:26
Ukraynalı mütəxəssis: Berti Foqts pis məşqçi deyil, ancaq...
Ukraynada Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yada düşüb. Apasport.az saytının məlumatına görə, Aleksey Mixayliçenkonun istefasından sonra milli komandalarına baş məşqçi axtaran ukraynalılar postsovet məkanının yığmalarının praktikasından yararlanmaq istəyirlər. Bu mənada Azərbaycanla yanaşı, Rusiyada holland Qus Hiddink, Ermənistanda danimarkalı Yan Poulsen, Belarusda almaniyalı Bernd Ştanqe və Gürcüstanda çoxsaylı əcnəbi məşqçiləri nümunə göstərmək olar.

Ukrayna yığmasına əsas namizəd Mirça Luçesku sayılır ki, Donetskin “Şaxtyor” klubu ilə ötən il UEFA kubokunu qazanmış rumın mütəxəssis bu təklifə müsbət yanaşır. Mətbuata danışan Xarkovun “Metallist” klubunun baş məşqçisi Miron Markeviç isə yerli mütəxəssisin tərəfdarıdır. O, Foqts da daxil olmaqla, yığmaların əcnəbi çalışdırıcılarını pis saymasa da, özününkülərə güvənməyi daha üstün tutur: “Postsovet məkanı ölkələrinin milli komandalarında əcnəbi mütəxəssis praktikası onların xeyrinə olan amil deyil. Mən demirəm ki, əcnəbilər pis məşqçilərdir. Ancaq onlara Qərblə müqayisədə, burada işləmək daha çətindir. Bizim başqa mentalitetimiz var, o cümlədən futbolda... Fikrimcə, Ukrayna yığmasını bundan sonra da ukraynalı məşqçi çalışdırmalıdır. Onun futbolçularla təkcə dil baxımından yaxşı ünsiyyəti olmayacaq, həmçinin psixoloji cəhətdən də işi uğurlu alınacaq. Bizimkilər hər bir futbolçuların imkanlarını daha dərindən bilirlər. Onlara işə uyğunlaşmaq üçün vaxt sərf etmək lazım gəlməyəcək”.

Qeyd edək ki, Ukrayna milli komandasına digər namizəd bu ölkənin gənclərdən ibarət yığmasını çalışdıran yerli mütəxəssis Yuri Kalivtinsevdir.